Hesablama Palatası dövlət komitəsində nöqsan aşkarlayıb

Hesablama Palatası Diasporla İş üzrə Dövlət Komitəsinə 1 yanvar 2016-cı ildən 1 iyul 2018-ci ilədək büdcədən ayrılan vəsaitlərin istifadəsini yoxlayıb. 
 
Rəsmi məlumata görə, auditlə 13 milyon 21,5 min manat vəsait əhatə olunub. Müəyyən edilib ki, dövlət büdcəsindən komitənin aparatının saxlanmasına ayrılan vəsaitlərin icrası zamanı əsas olmadan bəzi işçilərə mükafat ödənib, vaxtından əvvəl əməkdaşlara ixtisas dərəcəsi verilib, işçilərin aylıq gəlirindən bir neçə dəfə azadolmalar və güzəştlər tətbiq edilməklə az gəlir vergisi tutulub, komitənin məsul şəxslərinə artıq ezamiyyə xərcləri ödənib, tədbirdə iştirak etmək üçün ezam olunmuş əməkdaşların gündəlik xərcləri və aviabiletin dəyəri qarşı tərəfdən qarşılandığı halda vəsait xərc edilib, əsas olmadan ezamiyyə günləri və ezam olunan işçilərin sayı artırılaraq əlavə büdcə vəsaiti sərf olunub.
 
Hesabata əsasən, beynəlxalq tədbirlərin keçirilməsi zamanı komitənin təsdiq edilmiş illik iş planında, habelə tədbirlər üzrə tələb olunan vəsaitlərin bölgüsündə nəzərdə tutulmadığı halda bəzi şəxslərin aviabilet, mehmanxana xərcləri, habelə xarici ezamiyyə xərcləri üzrə gündəlik normadan artıq vəsait ödənib, tədbirdə iştirak etmək üçün Bakı şəhərinə gələn nümayəndə heyətinə ziyafətin verilməsi, dəvət olunan qonaqların viza xərclərinin ödənilməsi zamanı artıq xərclərə yol verilib, tədbirlə bağlı cəlb edilmiş nəqliyyat vasitələrinə görə müvafiq sənədlər təqdim edilmədiyi halda vəsait xərc edilib.
 
Hesablama Palatasının Kollegiyası nöqsanların aradan qaldırılması barədə qərar qəbul edib, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində tədbirlərin görülməsini istəyib.