Həbs olunan hüquq müdafiəçisi Rüfət Səfərovun anası polis idarəsinə çağırılıb

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun anası Tahirə Tahirqızı dekabrın 7-də Binəqədi Rayon Polis İdarəsinə çağırılıb.

Bu barədə Rüfət Səfərovun Facebook səhifəsində qeyd edilib.

Məlumata görə, Tahirə Tahirqızı hüquq müdafiəçisi Rüfət Səfərova qarşı açılmış cinayət işi üzrə ifadə verəcək.

“Biz hələ bilmirik onu hansı qismdə çağırıblar, bu barədə məlumatı dəqiqləşdirən kimi paylaşacağıq.

Rüfət bəyin işinə baxan müstəntiq Pünhan Əbilovdur”, məlumatda deyilir.

Hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.

Daxili İşlər Nazirliyi Amerikanın Səsinə bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və onun saxlanılması bununla bağlıdır.

Rüfət Səfərov sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.

Xatırladaq ki, Azərbaycanın hüquq müdafiə təşkilatlarının son hesabatına görə, Azərbaycanda 319 siyasi məhbus var. Siyasi məhbus kimi tanınan şəxslərin heç biri özünü təqsirli bilmir, həbslərinin tənqidi baxışları, peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini ədalətsiz həbsdə olan şəxsləri azad etməyə çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.