Haaqa məhkəməsi: Azərbaycan Qarabağ sakinlərinin təhlükəsizliyini, köçkünlərin geri qayıda bilməsini təmin etməlidir

Beynəlxalq Ədalət Məhkəməsi noyabrın 17-si İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı iş üzrə müvəqqəti tədbirlər barədə qərarını elan edib.
Məh
kəmənin qərarında qeyd edilir ki, Azərbaycan 19 sentyabr tarixindən sonra Qarabağda qalan və geri qayıdan şəxslərin təhlükəsizliyini təmin etməlidir. Azərbaycan həmçinin 19 sentyabrdan sonra Qarabağı tərk edən şəxslərin geri qayıtması, bu tarixdən sonra Qarabağda qalan şəxslərdən getmək istəyənlər varsa, onların gedə bilməsi üçün maneəsiz və təhlükəsiz şərait yaratmalıdır.

Hökm həmçinin Azərbaycanın üzərinə müvafiq Konvensiyanın tələblərinə uyğun olaraq regiondakı bütün şəxslərin qeydiyyat məlumatlarının və sənədlərinin saxlanması, öz inzibati və qanunvericilik təcrübəsində belə sənədləri lazımi qaydada nəzərə almaq öhdəliyi qoyur.
Rəsmi Bakı Haaqa məhkəməsinin “Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edən” qərarını alqışlayıb və qeyd olunan tədbirlərin Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan etdiyi siyasəti ilə uyğun olduğunu bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi qərarla bağlı açıqlamasında qeyd edir ki, Məhkəmə Azərbaycanın bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı Ermənistanın tələbini də rədd edib.
“Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçmək onların qərarı olub. Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin insan hüquqlarını Azərbaycanın digər vətəndaşları ilə bərabər əsasda müdafiə etməyə sadiqdir”, Azərbaycan Xarici İşlər Nazirliyi əlavə edib.
Ermənistan sentyabr ayının 28-də Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək Azərbaycanın 19 sentyabrda Qarabağın erməni əhalisinə qarşı hərbi əməliyyat həyata keçirdiyini, mülki şəxslərin həlak olduğunu və on minlərlə şəxsin zorla köçürüldüyünü qeyd edib.

Azərbaycan sentyabrın 19-da ölkənin konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün Qarabağda “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Ermənistan Azərbaycanı “etnik təmizləmə siyasəti” aparmaqda günahlandırıb.
Sentyabrın 20-si Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul edib və hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın buraxılmasından sonra 100 mindən artıq erməni sakin Qarabağı tərk edib.

Bakının apardığı əməliyyatlar bir sıra ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən pislənib.

Rəsmi Bakı “etnik təmizləmə” ilə bağlı ittihamları qəti şəkildə rədd edir, Qarabağda qalan və qayıtmağa qərar verən erməni sakinlərin bütün hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini deyir.

 

Amerikanın Səsi