3-cü mərhələ
Əgər bütün yuxarıda sadalananları məhbus aşa bilirsə, yəni məhbusun məhbusla vurulması mərhələsini hər hansı bir səbəbdən adlaya bilirsə, belə olan halda ən sərt mexanizmə hazır olmaq lazımdır. Bu cəhənnəm qapısı olaraq karserə salınmaqla başlanan ilk mərhələdir. Burada artıq rəhbərlik üçün ciddi siqnallar var.
Əgər məhbusla vurula bilməyən məhbus bütün bu mərhələlərdən uğurla keçə bilibsə, demək o, mütləq məhbusların sevəcəyi, ona etibar edəcəyi və arxasınca gediləcəyi bir şəxsə çevrilmə təhlükəsi altındadır. Buna isə əsla göz yummaq olmaz.
Bu mərhələdə artıq məsələ penitensiar xidmətin nüfuz sərhədlərinə qədər genişlənir deyə, müəssisə rəhbərini xərcləmək elə də böyük məsələ deyil. Ona görə də müəssisə rəhbərliyi hərəkətə keçərək, hüquq-haqq-ədalət tələbli şəxsi karserə çəkərək ona fiziki işgəncələrlə “göz dağı” verməyə çalışır.
Siz belə işgəncə növlərini, hətta ölümlə nəticələnən sonluqları da eşitməmiş olmazsınız. Burada ağla gələn və ya gəlməyən işgəncə növləri söz mövzusu ola bilməz. Qeyd edilən faktların qapadılması üçün isə karser bəhanəsi yetərlidir ki, məhbusun əlaqələrini digər məhbus başda olmaqla ailəsi, media işçiləri ilə tam olaraq kəsilsin.
Belə hallar bəzən iradə tükətiminə də xidmət edir ki, məhbus həm işgəncə, həm də tam təcrid vəziyyətində özünü tənha görüb hisslərinə qapılaraq məqsədindən vaz keçsin. Hansı ki, belə olan halda da məhbusu nə həbsxana rəhbərliyi, nə də digər məhbuslar rahat buraxmayacaq. Lakin bu çətin mərhələni adlayan məhbuslar olub ki, hətta çin işgəncəsini də keçə bilərək “sınmayıblar”.
Qeyd edilən mərhələdə dözüm nümayiş etdirib “press”dən üzü ağ çıxıb məqsədindən dönməyən məhbus bəllidir ki, böyük rəğbət və eyni halda söz sahibi olacaq bir özəllik əldə edəcək. Əgər işgəncələr onu öldürməyib və məqsədini ilk gündə olduğu kimi qoruyubsa, o ədliyyə üçün “problem” sayıla bilər. Bundan sonra o, tənhalıq və qapalı şəraitdə gərgin psixoloji seanslar keçməlidir.
Karserlərin ardıcıl qərarları məhbusu “daxili qaydaları tez-tez pozma” ittihamı ilə həbsxna içində məhkəməyə çəkərək ciddi-qapalı rejimə kökürülməklə, digər məhbuslarla kantaktı maksimum həddə məhdudlaşdırılır. Ancaq bu onunla bağlı hər şeyin bitməsi demək deyil. Qapalı ciddi rejim bəzən təkadamlı kamera, bəzən isə artıq psixoloji problemləri olan şəxslərlə eyni otaq şəraitinə məhkum edilməsinə yol açır.
Zamanla “filankəsin həbsxnada başı gedib” kimi eşidilən xəbərlərin əksəriyyətinin kökündə qeyd edilən psixoloji problemlər dayanır. Qeyd edilən son mərhələ ruhi xəstə ilə bir otaqda tək qalan adamın tezliklə yuxu problemlərinə, bir azdan isə ona bağlı digər narahatlıqlarına yol açmış olur. Bu mərhələni adlamaq olduqca çətin və mürəkkəbdir.
Ürək ağrıdan bu mərhələlər bir şəxsin hüquqi bir tələbi müqabilində həbsxanalarda ona yaşadılan dəhşətin kiçik bir hissəsidir. Bundan əlavə olaraq, bu qeyd edilənləri öz vətəndaşına yaşadan hansısa bir ölkədən gətirilən muzdlu bir şəxs deyil, öz vətəndaşımız tərəfindən icra edilir. Daha dəhşətlisi isə bunu icra edən şəxslərin az qala hamısı işgəncə verdiyi, məhrumiyyətlərə məruz qoyduqları şəxsin günahsızlığını bilir, lakin vəzifə tələbindən vicdanını, şəxsiyyətini, şərəfini ayaqlar altına qoyaraq bu iyrənc əmələ tərəf olur.
Qeyd edilən hallar ara-sıra mətbuat səhifələrinə sızan və danışılması mümkün olan həbsxana cəhənnəmində yaşananların bir hissəsidir. Hansı ki, bunlar istisnasız bütün cəzaçəkmə müəsisələrində müşahidə edilir.
Məhbus həyatı - cəhənnəm qapıları arxasında yaşananlar. 5-ci, sonuncu hissə