Daha bir məhbus Şəfaət Abbasovun qəzəbinə tuş gələrək “cəzalandırılıb”

Bir neçə ay öncə İsrailin Baş Nazirinin Azərbaycana gəlməsinə etiraz olaraq aclıq aksiyasına qoşulan məhbusları “qara siyahıya” salan 17 saylı müəsisə rəhbəri Şəfaət Abbasov növbədəki bir məhbusu da “cəzalandırıb”. Aclıq aksiyasında iştirakçı olan Elvin Quliyevi hələ o zaman xəbərdarlıq edən müəssisə rəsmisi Elvinə bildirmişdi ki, bu əməlinə, Netanyahunun gəlişinə etiraz olaraq aclıq etməsi ona baha başa gələcək.
Aclıq aksiyası bitdikdən sonra isə qadağalara məruz qalan Elvin bu barədə etiraz etsə də, ona bildirilib ki, ilk fürsətdə o rəisin cəzasını müşahidə edəcək. Avqustun 3-də müalicə aldığı Penitensiar Xidmətin Müalicə mərkəzindən 17 saylı cəzaçəkmə müəssisəsinə qaytarmaq adı ilə xəstəxanadan qaldırılan Elvin Quliyev mərkəzi tərk etsə də, müəssisəyə qaytarılmır.
İki gün ailə ondan xəbər ala bilmir. Ombusmanlıqdan, Penitensiar Xidmətin qaynar xəttinə qədər əlaqəli təşkilatlara telefon zəngi açan ailəsi heç bir irəliləyişə nail ola bilmir. Yalnız avqustun 6 da onlara səbəbin nə olduğu söylənilmədən bildirilir ki, E. Quliyev 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb və hal-hazırda karantindədir.
Səbəbsiz olaraq Elvinin köçürülməsində Şəfaət Abbasovun göstərişi olması şübhəsizdir. Bu isə qanundan ali olan məmurun onun tələbinə boyun qoymayan məhbusları “cəzalandırma” metodu olaraq tez-tez icra edilən metoddur.
Xatırladaq ki, Elvin Quliyev iyulun 26-da qolundan aldığı zədə səbəbindən Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb və qolunda sümük sınığı müəyyən edilib. Bir həftə müəssisədə qalan Elvin avqustun 3-də cəza çəkdiyi müəssisəyə qaytarılma bəhanəsi ilə müalicə mərkəzindən çıxarılsa da, lakin geri 17-saylı müəsisəyə deyil, 10-saylı həbsxanaya aparılır.
Müsəlman Birliyi Hərəkatının üzvü Quliyev Elvin Əhliman oğlu 2023-cü ilin 10 mart tarixində saxlanılıb. Haqqında saxta narkotik ittihamı irəli sürülən inanclı 2024-cü ilin 1 fevral tarixində 4 il müddətində azadlıqdan məhrum edilib.