Görünür, hakimiyyət indi də "Fransız cəsusu" axtarışına çıxıb

Son günlər Azərbaycanda müstəqil jurnalistlərə müxtəlif şəbəkələr vasitəsilə xarici medialardan “iş təklifləri” gəlir.
Fransanın bir neçə media orqanı, əsasən də, “Le Monde” qəzetinin əməkdaşları kimi özünü təqdim edən şəxslər azərbaycanlı jurnalistlərdən bütün əlaqə vasitələrini istəyirlər.
Jurnalistlərə xarici media adından müraciət edən şəxslər onlara müxtəlif linklər, müqavilə imzalamaq üçün mobil tətbiq və proqramlar da göndəriblər, hətta bəzilərindən bank hesabları da soruşulub.
Bu proqramların isə daha çox telefon və kompüter məlumatlarını əldə etmək üçün istifadə edildiyi güman edilir.
Artıq bir neçə jurnalistə Fransa mediası adından iş təklif edilib, yalnız iki jurnalist – Fatimə Mövlamlı və Nurlan Libre (Qəhrəmanov) bu məsələni sosial mediada paylaşıb.
Hər iki jurnalist təkliflə bağlı şübhələrini dilə gətirib və bu işdə kibercinayətkarlıq faktı olduğunu yazıb.
“AbzasMedia”nın hazırkı baş redaktoru, araşdırmaçı jurnalist Leyla Mustafayeva da bu məsələdə Azərbaycanın hüquq-mühafizə orqanlarının əlinin olduğunu ehtimal edir:
“Adətən, hakimiyyət öncə onlayn təzyiqlər və müdaxilələr edir. Repressiyalar öncə onlayn başlayır. Yəni üçüncü səbəb də odur ki, yeni casus şəbəkəsi, xarici agent propoqandası üçün zəmin hazırlayırlar. Əgər kimsə belə yazışmalarda əməkdaşlıq üçün razılıq versə, gələcəkdə bunu paylaşıb, həqiqətdən də, saxta kampaniya qura və həmin jurnalistlərin həbsi üçün “saxta” əsaslar düzəldə bilərlər.”
 
 
MeydanTV