Fövqəladə Hallar Nazirliyinin işçiləri cinsi istismara məruz qoyduğu iddia edilən keçmiş rəsmisinin məhkəməsi başlayır

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, iş otağında tabeliyindəki işçilərlə intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, polkovnik Zaur Mirzəyev barəsində cinayət işinin istintaqı yekunlaşıb.

İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə işə baxılacaq. Bu barədə məhkəmədən bildiriblər.

Xatırladaq ki, videokadrlar bu ilin yayında sosial şəbəkələrdə yayılıb. Görüntülərdə Mirzəyevin Yanğından Mühafizə Xidmətinin ən az üç qadın əməkdaşı ilə intim əlaqədə olduğu əksini tapıb.

İstintaqla müəyyən edilib ki, videokamera Mirzəyevin fərdi kompüterində olub və müntəzəm olaraq baş verənləri qeydə alıb.

Mirzəyevə qarşı pornoqrafiya yayma, şəxsi həyatın toxunulmazlığını pozma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Onu 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu iş üzrə başqa şəxslərin məsuliyyətə cəlb olunub-olunmadığı açqılanmır.