Ermənistan ötən həftə saxlanmış azərbaycanlı əsgəri buraxacağını deyir

Ermənistan hakimiyyəti martın 4-də bildirib ki, fevralın 28-də sərhədi keçmiş azərbaycanlı əsgəri azad və repatriasiya edəcək.

Ruslan Pənahov Teğ kəndi istiqamətində saxlanmışdı. Azərbaycanın Müdafiə Nazirliyi onun Laçın rayonu ərazisində pis hava şəraitində yolu azdığını, itkin düşdüyünü açıqlamışdı.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatına görə, digər hüquq-mühafizə orqanının apardığı təhqiqat üzə çıxarıb ki, Pənahov Azərbaycan sərhəd postundakı hərbi qulluqçular arasında insidentlə əlaqədar qaçaraq sonra sərhədi keçib. Ancaq MTX detalları açıqlamayıb.

Ötən həftə əsgərin itkin düşməsi xəbəri yayılanda da AzadlıqRadiosunun erməni xidməti- "Azatutyun" yerli şura üzvünə istinadla yazmışdı ki, Pənahov sərhədi başqa bir azərbaycanlı əsgərlə keçib, ancaq o qaçıb. İnsidentdən öncə kənd sakinlərinin sərhədin Azərbaycan tərəfindən qəzəbli qışqırıqlar, hətta atəş səsləri eşitdiyi iddia olunurdu. Amma Azərbaycan tərəfi bu iddialarla bağlı heç bir şərh açıqlamayıb.

MTX bəyanatında qeyd edir ki, Yerevan Pənahovu "xoş niyyət əlaməti" olaraq və azaraq bir-birinin ərazisinə keçən əsgərlərin sürətli repatriasiyasına dair Ermənistan-Azərbaycan razılaşmasına uyğun olaraq təhvil verməyi qərara alıb. Razılaşmanın ən yüksək səviyyədə əldə olunduğu bildirilir.

Ötən ilin aprelində Naxçıvandan Sünik vilayətinə keçən iki azərbaycanlı əsgər saxlanıb. Onlardan biri saxlanmazdan bir gün öncə Sünik sakinini qətlə yetirməkdə təqsirli bilinib. Dekabrda hər iki əsgər Azərbaycanın 32 ermənistanlı əsgər və dinc sakini buraxması qarşılığında azad edilib.

 

AzadlıqRadiosu