Saxta həbslərin ardınca təcridxanalarda qadağa və süni maneələr yaşayan inanclıların indi də ciddi qapalı rejimə “krıtaya” göndərilmələri aktivləşib. Tale Bağırzadə, Cabbar Cabbarov, Cahad Babakişizadə, Süleyman Ələkbərov və sairlər bu sırada guya daxili qaydaların pozulması bəhanəsi ilə məhdudiyyətlərlə üzləşən MBH ailəsinin üzvülərindəndir.
Görünən budur ki, inanclılara qarşı qərəzli mövqe davam edir və növbəti hərəkat üzvülərinin ciddi qapalı rejimli müəssisəyə köçürülməsi öz qurbanlarını gözləyir. Bir neçə gün öncə bu siyahıya Tərlan Səyadov da əlavə edilib.
Noyabrın 4 də cəza çəkdiyi 13 saylı müəssisədə baş tutan məhkəmə eyni ittihama Tərlanı da tuş edib. 2024-cu il ilin 15 martında saxlanılan inanclı 2025-ci ilin 23 iyulunda məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Saxta narkotik ittihamı ilə şərlənən Tərlan oktyabrın 21-də Umbakı təcridxanasından 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Burada ona anladıblar ki, sən “problemli” dustaqlardansan və buna görə də səni zona buraxa bilmərik. Karantin dövrü ərəfəsində guya dəfələrlə daxili qaydaların pozulmasını bəhanə edən 13 saylı müəssisənin rəhbərliyi karantin bitib bitməz Tərlana karser cəzası kəsib.
Karserin elə ilk günündə də təcili məhkəmə olunduğunu eşidən T. Səyadova bildirilib ki, məhkəmə onu 6 ay müddətinə ciddi-qapalı rejimli müəssisəyə köçürülmə qərarı verib.
Yaşanan hallar o qədər aktiv vəziyyət alıb ki, artıq məlum qərarların sifarişli, eyni halda təzyiq vasitəsi olması heç kəs üçün gizlin deyil. Təəssüf ki, hakimiyyət hələ də bununla məqsədinə çatacaq kimi fikirləri gerçəkləşdirəcəyini təsəvvür edir.
Daha bir MBH üzvü “krıta”ya göndərildi