Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlar müvəqqəti bloklana bilər.
Bu, iyunun 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, yayılması qadağan edilən informasiyalar internet resursunda yerləşdirilərsə, həmin resursa və ya onun müvafiq hissəsinə giriş müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.
Mövcud qanunvericilikdə yayılması qadağan edilən informasiyalar sırasına narkotik vasitələrin hazırlanması və istifadəsi üsulları, pornoqrafiya, qumar və qanunsuz mərc oyunlarına təhrik, intiharı təbliğ edən məlumatlar, təhqir və böhtan xarakterli məlumatlar, şəxsi həyatın toxunulmazlığını pozan informasiyalar, eləcə də insanların həyat və sağlamlığına, ictimai təhlükəsizliyə və mühüm infrastruktur obyektlərinə təhlükə yarada biləcək yalan məlumatlar daxildir.
Hüquqşünas Fariz Namazlı “Abzas Media”ya deyir ki, ifadə azadlığına, məlumat əldə etmək və yaymaq hüququna müdaxilə yalnız o halda “qanunla nəzərdə tutulmuş” sayıla bilər ki, həmin qanun kifayət qədər dəqiq, əlçatan və nəticələri baxımından proqnozlaşdırıla bilən olsun.
Onun sözlərinə görə, Azərbaycanda saytların bloklanması praktikası qanunvericiliyə bununla bağlı normalar əlavə edilməmişdən əvvəl də mövcud olub:
“Azərbaycan təcrübəsində bundan əvvəl, hələ qanunvericiliyə saytların bloklanması ilə bağlı normalar əlavə edilməmişdən əvvəl praktikada belə hallara tez-tez rast gəlinirdi. Bunun nəticəsində Avropa Məhkəməsi saytların bloklanması ilə bağlı qərar da qəbul edib. “‘Azadlıq Radiosu’ və başqaları Azərbaycana qarşı” qərarında Avropa Məhkəməsi vurğulayıb ki, şəxslər və media qurumları hansı davranışın hansı hüquqi nəticəyə səbəb ola biləcəyini öncədən ağlabatan şəkildə görə bilməlidirlər”.
Fariz Namazlı hesab edir ki, qanun layihəsində istifadə edilən bəzi anlayışlar geniş şərh imkanları yaradır:
“İndiki halda təklif olunan dəyişikliklərdə istifadə edilən “yalan məlumat”, “ictimai təhlükəli nəticələrə səbəb ola biləcək məlumat”, “təhqir və ya böhtan xarakterli məlumat” kimi anlayışlar geniş şərh və tətbiq imkanları yaradır. Avropa Məhkəməsinin standartları baxımından belə anlayışların tətbiq meyarları kifayət qədər konkret müəyyən edilmədikdə, hüquqi müəyyənlik prinsipi ilə bağlı ciddi suallar və şübhələr yarana bilər”.
Hüquqşünas bildirir ki, dəyişikliklər müstəqil medianın həssas və ictimai əhəmiyyətli mövzuları işıqlandırmasına təsir göstərə bilər. Onun fikrincə, sayta girişin məhdudlaşdırılması kimi ciddi nəticənin nəzərdə tutulması redaksiyalarda hüquqi risklərlə bağlı narahatlıqları artıra bilər:
“Xüsusilə qanun layihəsində istifadə olunan bəzi anlayışların geniş və müxtəlif cür şərh olunması imkanı media qurumlarını və jurnalistləri daha ehtiyatlı davranmağa sövq edə bilər. Sayta girişin məhdudlaşdırılması kimi ciddi nəticələrin mövcudluğu redaksiyalarda hüquqi risklərlə bağlı narahatlıqları artıra və nəticədə özünüsenzuraya səbəb ola bilər”.
Fariz Namazlı deyir ki, belə şəraitdə jurnalistlər korrupsiya iddiaları, büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmaları, vəzifəli şəxslərin fəaliyyəti, sosial problemlər, insan hüquqları pozuntuları və digər ictimai maraq doğuran mövzular barədə material hazırlayarkən daha ehtiyatlı davranmağa məcbur qala bilərlər:
“Xüsusilə rəsmi qurumların mövqeyi ilə ziddiyyət təşkil edən və ya əlavə araşdırma tələb edən məlumatların dərc edilməsində tərəddüdlər yarana bilər. Nəticədə belə tənzimləmələr təkcə media qurumlarının fəaliyyətinə deyil, həm də cəmiyyətin ictimai əhəmiyyətli məlumatları əldə etmək imkanlarına təsir göstərə bilər. Çünki demokratik cəmiyyətdə media yalnız məlumat yayan vasitə deyil, həm də dövlət və ictimai institutların fəaliyyəti üzərində ictimai nəzarətin həyata keçirilməsində mühüm rol oynayır”.
Hüquqşünasın fikrincə, məhkəmə qərarı olmadan, yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında internet resursuna girişin məhdudlaşdırılması ifadə azadlığı baxımından problem yarada bilər:
“Bu kimi hallarda məzmunun qanun pozuntusu təşkil edib-etmədiyi barədə ilkin qiymətləndirməni müstəqil məhkəmə deyil, inzibati orqan aparır. Bu da qərarın obyektivliyi və proporsionallığını şübhə altına alır. Çünki məhkəmə müstəvisindən fərqli olaraq inzibati orqan tərəfindən hansısa məhdudlaşdırma tətbiq edildikdə tərəflərin bərabərliyi və çəkişmə prinsipinə əməl olunmur”.
Fariz Namazlı əlavə edir ki, saytın tam və ya qismən bloklanması yalnız mübahisələndirilən məlumatın deyil, həmin resursda yerləşdirilən digər materialların da oxucular üçün əlçatmaz olmasına səbəb ola bilər:
“Bu isə ictimai əhəmiyyətli məlumatların yayılmasına və vətəndaşların informasiya almaq hüququna da təsir göstərmiş olur”.
Hüquqşünas “yalan məlumat” anlayışının qeyri-dəqiq müəyyən edilməsini də riskli sayır. O bildirir ki, media qurumları hansı məlumatların bu anlayışın əhatəsinə düşdüyünü əvvəlcədən ağlabatan şəkildə müəyyən edə bilməlidirlər:
“Əks halda, normanın tətbiq dairəsi genişlənə və müxtəlif hallarda fərqli şəkildə şərh oluna bilər. Xüsusilə araşdırma jurnalistikası və ictimai maraq doğuran mövzuların işıqlandırılması zamanı dərc olunan məlumatların bir hissəsi sonradan mübahisələndirilə, təkzib oluna və ya müxtəlif tərəflər tərəfindən fərqli qiymətləndirilə bilər”.
Onun sözlərinə görə, belə hallarda “yalan məlumat” anlayışının dəqiq meyarlarla müəyyən edilməməsi tənqidi və ya araşdırma xarakterli materiallarla qəsdən yayılan dezinformasiya arasında sərhədi qeyri-müəyyən edə bilər:
“Nəticədə bu anlayışın geniş və qeyri-müəyyən formada tətbiqi dövlət orqanlarının qiymətləndirmə imkanlarını genişləndirə bilər. Bu isə xüsusilə dövlət qurumlarının fəaliyyəti, korrupsiya iddiaları, büdcə vəsaitlərinin xərclənməsi, vəzifəli şəxslərin fəaliyyəti və digər ictimai əhəmiyyətli məsələlərlə bağlı materialların qiymətləndirilməsi zamanı ifadə və media azadlığı baxımından müzakirələrə səbəb ola bilər”.
Fariz Namazlı hesab edir ki, beynəlxalq təcrübədə belə anlayışların mümkün qədər dəqiq müəyyən edilməsi, onların tətbiqi üçün aydın meyarların göstərilməsi və qəbul edilən qərarlar üzərində effektiv məhkəmə nəzarətinin olması mühüm təminatlardan sayılır:
“Bu yanaşma həm qəsdən yayılan dezinformasiya ilə mübarizə aparmağa, həm də qanuni jurnalist fəaliyyəti və ictimai maraq doğuran müzakirələrin qorunmasına xidmət edir”.
Hüquqşünasın sözlərinə görə, dəyişikliklər qəbul olunarsa, xəbər saytları, jurnalistlər və sosial media platformaları üçün bir neçə hüquqi risk arta bilər. Bunlara saytların tam və ya qismən bloklanması, məzmunun silinməsi ilə bağlı inzibati tələblərin artması, jurnalist materiallarının “yalan məlumat” kimi qiymətləndirilməsi, media qurumlarının əlavə hüquqi və maliyyə yükü ilə üzləşməsi, eləcə də məhkəmə araşdırması başa çatmadan məzmunun məhdudlaşdırılması daxildir.
Fariz Namazlı deyir ki, norma yalnız media qurumlarına deyil, sosial şəbəkə istifadəçilərinə də təsir göstərə bilər:
“Bu dəyişikliyin tətbiqi vətəndaşların sosial şəbəkələrdə və digər onlayn platformalarda öz fikirlərini ifadə etməsinə müəyyən təsir göstərə bilər. Xüsusilə “yalan məlumat” və digər məhdudlaşdırma əsaslarının tətbiq dairəsi və şərh meyarları kifayət qədər aydın olmadıqda, istifadəçilər paylaşdıqları məlumatların və ya ifadə etdikləri fikirlərin sonradan hüquqi mübahisə predmeti ola biləcəyindən ehtiyat edə bilərlər”.
O bildirir ki, bu, xüsusilə ictimai və siyasi məsələlər, dövlət qurumlarının fəaliyyəti, sosial problemlər, korrupsiya iddiaları və digər ictimai maraq doğuran mövzularla bağlı müzakirələrdə özünü göstərə bilər:
“İstifadəçilər tənqidi mövqelərini açıq şəkildə ifadə etmək əvəzinə daha ehtiyatlı davranmağa, bəzi hallarda isə ümumiyyətlə fikir bildirməməyə üstünlük verə bilərlər”.
Qanuna təklif olunan sözügedən dəyişiklik iyunun 30-da Milli Məclisin plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.
Azərbaycanda saytların rəsmi şəkildə bloklanması əsasən 2017-ci ildən başlayıb. Həmin ilin martında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklər internetdə yayılan informasiyaya nəzarət və bəzi hallarda saytlara girişin məhdudlaşdırılması mexanizmi yaradıb.
2017-ci il mayın 12-də Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin müraciəti əsasında bir neçə media resursuna girişin məhdudlaşdırılması barədə qərar verib. Həmin qərarda “Azadlıq” qəzetinin azadliq.info saytı, “Azadlıq Radiosu”nun azadliq.org domeni, azerbaycansaati.com, “Meydan TV”, həmçinin “Turan TV” və “Azərbaycan saatı” ilə bağlı resursların bloklanması göstərilib.
Həmin il “Abzas Media”nın abzas.net saytı da Azərbaycandan giriş üçün bloklanıb. “Azerbaijan Internet Watch” yazıb ki, “Abzas Media” 2016-cı ildən DDoS hücumları ilə üzləşib, 2017-ci ildə isə sayt ölkə daxilindən bloklanıb və bundan sonra sayt administrasiyası domen dəyişməyə məcbur qalıb.
Rəsmi açıqlamalarda həmin resurslarda qanunla qadağan edilən informasiyaların yerləşdirildiyi və bu məlumatların dövlətin, cəmiyyətin və ya ayrı-ayrı şəxslərin qanuni maraqlarına zidd olduğu bildirilirdi.
Müstəqil media qurumları və beynəlxalq təşkilatlar isə bloklamaların əsasən tənqidi və müstəqil media resurslarını hədəflədiyini bildiriblər.
Məsələ Avropa İnsan Hüquqları Məhkəməsinə də daşınıb. AİHM 2024-cü il iyunun 13-də Azərbaycanda bir neçə saytın 2017-2018-ci illərdə bloklanması ilə bağlı işdə ifadə azadlığının pozulduğu qənaətinə gəlib.
Azərbaycanda “Abzas Media”, “Meydan TV” və “Azadlıq Radiosu” da daxil olmaqla adı çəkilən bir neçə sayta giriş hələ də məhduddur.
Azərbaycanda saytların bloklanması asanlaşdırılır: “Bu, mediada özünüsenzuranı artıra bilər”