Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə bir turda ən çox böyükhesablı qələbə rekordu qeydə alınıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu, çempionatın XXXIII turuna təsadüf edib.

Geridə qalan turdakı beş oyunun dördündə komandalardan biri rəqibini minimum 3 top fərqilə üstələyib. “Sabah” “Kəpəz”ə, “Zirə” “Şamaxı”ya, “Qarabağ” “Qəbələ”yə 3:0, “Turan Tovuz” isə “Neftçi”yə 4:0 hesabı ilə qalib gəlib. “Sumqayıt” – “Səbail” qarşılaşmasında (1:3) bu ənənənin davamına birincilərin oyunçusu Todor Todoroski mane olub. Məhz onun qolu “Səbail”in böyükhesablı qalibiyyətinə imkan verməyib.

Buna qədər cari mövsüm ən çox böyük fərqli nəticə XII və XVIII turlarda olub. Həmin vaxt beş görüşdən üçündə tərəflərdən biri minimum 3 top fərqli məğlubiyyətə üzülüb.

Bundan başqa, cari mövsüm ikinci dəfə turun dörd oyununda komandalardan biri qol vura bilməyib. İlk dəfə belə hal XII turda yaşanıb.

İki dəfə bir turda altı komanda rəqib qapısına yol tapa bilməyib. IX turda bir görüş, XIV turda isə iki matç 0:0 hesabı ilə yekunlaşıb. IX turun bütün qarşılaşmalarında tərəflərdən ən azı biri qolsuz qalıb.

V, XVII və XXII turlarda 5 komanda rəqib qapıçısını məyus edə bilməyib. Ancaq həmin turlardakı bir oyun qolsuz bərabərliklə başa çatıb.

XXXIII turda ümumilikdə 17 qol olub ki, bu, mövsümün ən yaxşı ikinci məhsuldarlığıdır. VI turda da klublar bu göstəriciyə imza atıblar. Mövsümün rekordu isə 18 qoldur. II, VII, XIX və XXXII turlarda bu sayda qol qeydə alınıb.