Azərbaycan İsrailin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərini ölkəyə dəvət edir və onları vergilərdən azad edir

Azərbaycan iqtisadiyyatı şaxələndirməyə və neftdən asılılığa son qoymağa çalışır, həmçinin, İsrailin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərinə səxavətli vergi güzəştləri müqabilində ölkəyə köçməyi təklif edir. Bu barədə İsrailin Globes nəşri Azərbaycana köçmək mümkünlüyünü nəzərdən keçirən şirkətlərdəki mənbələrinə istinadla məlumat yayıb.

Xüsusən, Azərbaycan bu şirkətləri 10 il müddətinə korporativ vergidən, əmlak vergisindən, torpaq vergisindən və dividend vergisindən tam azad etməyi təklif edir.

Bu, Azərbaycanın seçilmiş İsrail startaplarına təklif etməyə başladığı imtiyazların hamısı deyil.

Bu addım Bakıda texnologiyalar parkının işə salınması ilə bağlıdır, lakin Azərbaycan hökumətinin nöqteyi-nəzərinə görə, şirkətlər ölkənin istənilən bölgəsində yerləşdirilə bilər. Globes-ə məlum olduğuna görə, İsrailin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən bir sıra  şirkətləri artıq ölkəyə köçmə barədə danışıqlar aparır.

Yuxarıda bəhs edilən vergi imtiyazları ilə yanaşı, şirkətlərin əməkdaşlarının 4700 ABŞ dollarına qədər aylıq əmək haqqına sıfır gəlir vergisi dərəcəsi tətbiq olunacaq. İmtiyazları əldə etmək üçün şirkət son bir illik fəaliyyəti haqqında məlumat verməli və ya 200 000 manat ölçüsündə illik dövriyyəsini təsdiq etməlidir.

Proqram çərçivəsində yaşayış icazəsinin rəsmiləşdirilməsində və məişət məsələlərinin həllində köməyi ethiva edən ölkəyə immiqrasiya dəstəyi göstərilir.

"Azərbaycan Avrasiya regionunun texnologiya "atası" olmağa can atır, buna görə bu ölkəyə köçmək şirkətlərə türk ölkələrinə açılan bir qapı kimi fayda verə bilər. Bakının Ankara ilə münasibətləri "bir millət, iki dövlət" ideyasına əsaslanır. Buna görə Türkiyədə fəaliyyət göstərmək istəyən şirkətlər vəziyyətdən faydalana bilər", deyə nəşr yazır.

Proqrama Azərbaycanın İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi (İDDA) rəhbərlik edir. Onun əsas məqsədi iqtisadiyyatı şaxələndirməkdir. 2022-ci ildə Azərbaycan ÜDM-in 47,8%-i, büdcə mənbələrinin 52,7%-i və ixracın 92,5%-i neft-qaz sektorunun payına payına düşüb. Bakıda başa düşürlər ki, dünya neftdən uzaqlaşır və buna görə neft və qazdan asılılığın azaldılmasına hazırlıq lazımdır.

Azərbaycan son illərdə ciddi-cəhdlə iqtisadiyyatın şaxələndirilməsi və neftdən "azad olma" üzərində işləyən Fars körfəzi ölkələrindən ilham alır. İDDA artıq müvafiq kadrların hazırlanması üzərində işləyir və İnternet texnologiyaları kurslarında 3000-dən çox tələbəyə təqaüd ayırır. Gələn il yerli sakinlər üçün təqaüdlərin sayının 5000-ə qədər artacağı gözlənilir.

İDDA-nın ölkəyə köçən startaplara dəstək üzrə vitse-prezidenti Paşa Əliyev ibrani dilində sərbəst danışır. O, Globes-lə söhbətində deyib ki, İsrail şirkətlərinin cəlb edilməsi təşəbbüsü Azərbaycanda güclü texnoloji ekosistemin qurulması üzrə daha geniş səylərin tərkib hissəsidir. "Bizim gənc və çoxdilli əhalimiz mədəniyyətlərin müxtəlifliyi ilə birlikdə dinamik və innovativ işçi qüvvəni təşkil edir. Bundan başqa, bizim infrastrukturumuz ölkəyə köçən şirkətlərin tez yerləşməsinə və yeni şəraitə inteqrasiya olunmasına imkan verir. Bu, Azərbaycanı Asiya bazarında inkişafa və innovasiyalara can atan texnologiya şirkətləri üçün ideal bir yerə çevirir", deyə Əliyev qeyd edib.

 

 

Turan.az