Avropa Parlamenti ölkədəki vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə Azərbaycan hakimiyyətini qınayan qətnamə qəbul edib

Aprelin 25-də Avropa Parlamenti ölkədəki vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə Azərbaycan hakimiyyətini qınayan qətnamə qəbul edib.
Qətnamə 474 “lehinə”, 4 “əleyhinə” və 51 “bitərəf” səslə qəbul edib. Avropa Parlamentinin deputatları Azərbaycan hakimiyyətini 2023-cü ilin dekabrında həbs edilmiş hüquq müdafiəçisi İlhamiz Quliyevi, Avropa İttifaqı və digər ölkələrin vətəndaşları da daxil olmaqla, bütün digər siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar.
“Siyasətçi, iqtisadçı və müxalifətçi xadim Qubad İbadoğlunun üzərindən bütün ittihamlar götürülməlidir. Onun üzərindəki səfər qadağası ləğv edilməlidir”.
Həmçinin onlar aprelin 22-də ev dustaqlığına buraxılan Qubad İbadoğluna sərbəst tibbi yardım göstərməyə çağırış ediblər.
“Azərbaycanda insan hüquqlarının pozulmasının davam etməsi COP 29-u qəbul edən ölkə ilə bir araya sığmır”, - qətnamədə deyilir.
Avropa Parlamentinin deputatları Avropa Komissiyasını “energetika sahəsində Azərbaycanla strateji tərəfdaşlığın dayandırılması” məsələsinə baxmağa da çağırıblar.
Avropa Parlamentinin üzvləri israr ediblər ki, tərəfdaşlıq haqqında istənilən gələcək saziş bütün siyasi məhbusların azad edilməsi və ölkədə insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması ilə əlaqələndirilsin.
Həmçinin deputatlar “insan hüquqlarını ciddi şəkildə pozan azərbaycanlı məmurlara qarşı Avropa İttifaqının sanksiyalarının tətbiq edilməsi” barədə çağırışlarını təkrarlayıblar.
 
 
Təhlil və TənqidTV