ABŞ və Böyük Britaniya husiləri bombalamağa başlayıb

ABŞ və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə zərbələr endirməyə başlayıb.

 Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə "Reuters" amerikalı rəsmilərə istinadən məlumat yayıb.  

Bildirilir ki, Vaşinqton və London İranın dəstəklədiyi husilərin Qırmızı dənizdən keçən gəmilərə davamlı hücumları səbəbindən bu qərara gəliblər.

CNN-in məlumatına görə, ABŞ zərbələr endirmək üçün bombardmançı təyyarələrdən və  qanadlı raketlərdən istifadə edir.  

Yəmən husilərinin nümayəndəsi  zərbələrin Yəmənin paytaxtı daxil olmaqla bir neçə şəhərə endirildiyini bildirib. 

Amerika rəsmisi CNN-ə bildirib ki, hədəflər husilərin Qırmızı dənizdə gəmilərə hücum qabiliyyətini zəiflətmək üçün seçilib.

Yəmən husiləri payızdan bəri Qırmızı dənizdə gəmilərə davamlı  hücumlar edirlər.  Noyabrın 14-də qrup İsraillə hər hansı bir şəkildə əlaqəsi olan bütün gəmilərə hücum edəcəyini elan edərək, bunu "Qəzza zolağında Amerika-İsrail təcavüzü"nə cavab adlandırmışdı

Amma qruplaşma təkcə hərbi gəmilərə deyil, müxtəlif ölkələrin bir çox ticarət gəmilərinə də hücumlar təşkil edirdi.