ABŞ səfirliyi Azərbaycan hökumətini vətəndaşların konstitusion hüquqlarına hörmətlə yanaşmağa çağırır

Operativtv.com Turan-a istinadən xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi dinc toplantıların keçirilməsinə olan maneələrdən narahatlığını bildirib.

“Biz əvvəlkitək Azərbaycanda öz konstitusion hüquqlarını həyata keçirən vətəndaşlara təzyiqlərdən narahatıq. Biz hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən dinc toplaşmaq hüququna hörmətlə yanaşmağa çağırırıq”, - ABŞ səfirliyinin mətbuat katibi Elis Spensli vətəndaşların küçə aksiyaları keçirmək üçün konstitusiya hüquqlarının hakimiyyət tərəfindən əngəllənməsilə bağlı Turan-ın sualının cavabında deyib.

Son illər hakimiyyət Azərbaycan Konstitusiyasının birinci maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna zidd olaraq müxalifətin və vətəndaş qruplarının küçə aksiyaları keçirməsinə qadağa qoyub. Belə aksiyaların qarşısı polis tərəfindən sərt şəkildə alınır və adətən fəalların həbsilə başa çatır, bu, oktyabrın 24-də, polisin Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakı meriyasının qarşısında keçirdiyi etiraz aksiyasını amansız  şəkildə yatırması zamanı baş verib.