ABŞ Azərbaycanı dini azadlıqlarla bağlı “monitorinq” altına alıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanda dini azadlıqları diqqət mərkəzində saxlayır. Bunu ABŞ-ın Dövlət katibi Antoni Blinken dini azadlıqlarla bağlı hazırlanan siyaha zamanı toplantıda bildirib.

Antoni Blinkenin açıqladığı illik siyahıda yeganə dəyişiklik Azərbaycanın da müşahidə siyahısına əlavə edilməsi olub. Bu o deməkdir ki, ölkə heç bir təkmilləşdirmə aparmasa, potensial sanksiyalarla üzləşə bilər.

Çin, İran, Pakistan və Səudiyyə Ərəbistanı da daxil olmaqla, əvvəlki ilin qara siyahısında olan 12 ölkənin hamısı bu il də yerlərini qoruyub.

ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyası Dövlət Departamentinə son tövsiyəsində 100 000 etnik ermənidən ibarət demək olar ki, bütün əhalisinin Ermənistana qaçdığı Qarabağda xristian dini obyektlərinin qorunması ilə bağlı narahatlıqları qeyd edib.

Komissiya həmçinin şiələrin çoxluq təşkil etdiyi, lakin əsasən dünyəvi ölkədə bütün dini ayinləri tənzimləyən qaydalar, o cümlədən bütün dini qrupların qeydiyyata alınması və onların nəşrlərinin rəsmi orqan tərəfindən təsdiqlənməsi tələbi ilə bağlı narahatlığını ifadə edib.

Blinken açıqlamasında qeyd edib ki, “siyahıda olmayan ölkələrdə də dini azadlıqların ciddi şəkildə pozulması baş verir”.

Qara siyahıya düşən “xüsusi narahatlıq doğuran ölkələr” arasında Çin, Kuba, Eritreya, İran, Myanma, Nikaraqua, Şimali Koreya, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistan var.

İzləmə siyahısında Azərbaycanla yanaşı Əlcəzair, Mərkəzi Afrika Respublikası, Komor adaları və Vyetnam da var.