Zelenski dünyanı Ukraynaya köməyə çağırır

Ukrayna prezidenti Volodimir Zelenski martın 3-də dünyanı Rusiyanı məğlub etmək üçün Kiyevə kömək göstərməyə çağırıb. Rusiyanın Odessaya dron zərbəsindən ölənlərin sayı isə bir neçəsi uşaq olmaqla 12-yə çatıb.

"Cəbhədə Rusiyanın hər bir itkisi ölkəmizin Rusiya terroruna qarşı cavabıdır. Dünya Rusiya şərinin istənilən təzahürünə cavab verməli, Rusiyanın hərəkətlərini dəf etməlidir", - xilasedicilər Odessada dağıntılar altında işi tamamlandan sonra danışan Zelenski söyləyib.

O, gecə müraciətində deyib ki, Ukraynanın təchizatını təmin etmək üçün siyasi iradə olmalıdır. Hazırda kritik bir neçə milyard dollarlıq yardım paketi ABŞ Konqresində təsdiqini gözləyir.

"Müharibə Rusiyadan ötrü ümidsiz olmalıdır... Onlar bilməlidirlər ki, həyatı məhv etməyə çalışanları dağıdan qüvvə var", - Zelenski vurğulayıb.

Dörd uşaqdan ikisi körpə olub

Martın 2-nə keçən gecə Odessada yaşayış binasına dron zərbəsindən bir neçə mərtəbə dağılıb, dağıntılar altında azı 12 nəfər qalıb.

Hücum nəticəsində ikisi yaşı birdən az olmaqla, dörd uşaq öldürülüb. Onlardan biri səkkiz, digəri dörd aylıq körpələr, həmçinin 10 yaşlı oğlan və onun yaşlı yaşlı bacısıdır.

Martın 3-də Odessa şəhərində və vilayətdə matəm günü elan olunub.

Doqquzmərtəbəli binada 18 mənzilin dağıldığı xəbər verilir.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan azı 10 min dinc sakinin öldürüldüyünü BMT təsdiqləyir.

Son hücumla bağlı Moskvadan şərh gəlməyib. Rusiya çoxsaylı dəlillərə baxmayaraq, mülki hədəfləri vurmadığını bildirir.

Krıma dron hücumu

Rusiya hərbi bloqerləri isə ötən gecə ilhaq olunmuş Krıma Ukraynanın kütləvi dron hücumu cəhdi barədə xəbər verirlər.

Moskva Ukraynanın 38 dronunun vurulduğunu bildirir. Rusiya silahlı qüvvələrinə yaxın "Rybar" Telegram kanalı bir dronun neft deposu yaxınlığında vurulduğunu yazıb.

Martın 3-nə keçən gecə daha öncə partlayış baş vermiş Feodosiya yaxınlığındakı magistral yolda nəqliyyatın hərəkəti dayandırılıb, bir də səkkiz saatdan sonra bərpa olunub.

Krımı Rusiya ərazisi ilə birləşdirən körpüdə də nəqliyyat martın 3-də erkən saatlarda iki saatadək bağlanıb.

 

AzadlıqRadiosu