Ursula von der Leyen: Çinlə işləmək məcburiyyətindəyik

Avropa İttifaqı (Aİ) dünyanın ikinci ən böyük iqtisadiyyatından uzaqlaşmaq əvəzinə, Çinlə təmiz texnologiyalar üzərində işləməli, ticarət etməli və bərabər şərtlər yaratmaq üçün səy göstərməlidir.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, elektrikli nəqliyyat vasitələri və günəş panelləri kimi sektorlarda üstünlüyə malik olan Çin, beşillik planında təmiz texnologiya innovasiyasını və istehsalı artırmağı əsas prioritet halına gətirib.

“Lakin xalis sıfır üzərində rəqabət bərabər oyun sahəsinə əsaslanmalıdır” - deyən von der Leyen Çinin ucuz enerji, aşağı əmək haqqı və rahat tənzimləmə vədləri ilə enerji əsaslı şirkətləri Çinə köçməyə təşviq etdiyini söyləyib.

O vurğulayıb ki, Çin öz sənayesini ciddi şəkildə subsidiyalaşdırır və Aİ şirkətləri üçün ölkə bazarına çıxışı məhdudlaşdırır: “Biz hələ də Çinlə işləmək və ticarət etmək məcburiyyətindəyik - xüsusən də bu keçid dönəmində. Buna görə də, uzaqlaşmaqdansa, riskdən qurtulmağa diqqət yetirməliyik”.