Üç ölkə Fələstin dövlətini tanıdı

Norveç, İrlandiya və İspaniya Fələstini müstəqil dövlət kimi tanıyıb.

Bununla bağlı qərarlar mayın 28-dən qüvvəyə minməlidir.

İsrail isə buna cavab olaraq İrlandiya və Norveçdəki səfirlərini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Sloveniya iyunun 13-də Fələstin dövlətini tanımağa hazırlaşır

Lyublyana Fələstinin dövlət kimi tanınması prosesinə başlayıb və müvafiq təklif iyunun 13-də parlamentə təqdim olunacaq, - Sloveniyanın xarici işlər naziri Tanya Fayon mətbuata açıqlamasında bildirib.

O, Fələstinin müstəqilliyinin tanınması prosesini dönməz hesab edib.

"Şadam ki, hökumət Fələstini tanımaq prosesindədir. Bununla Sloveniya Yaxın Şərqdə sülhün və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinin zəruriliyi barədə aydın siqnal göndərir", - o vurğulayıb.

Mayın 8-də Baham adaları Fələstini müstəqil dövlət kimi rəsmən tanıdığını elan edib. Keçən ay Barbados və Yamayka Fələstini tanımaq qərarını açıqlamışdı.

Bugünədək BMT-yə üzv olan 193 ölkədən 139-u Fələstin Dövlətini tanıyıb.

1988-ci ildə qurulmuş Fələstin Dövləti Şərqi Qüds də daxil, 1967-ci il müharibəsindən bəri İsrailin nəzarəti altında olan İordan çayının qərb sahili və Qəzza zolağı üzərində suverenliyini elan edib.

Xatırlatma

İsrail-Fələstin münaqişəsinin tarixi ötən əsrin ortalarına gedir. 1947-ci ildə BMT Baş Assambleyası Fələstin ərazisinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə, Yerusəlimin (Qüds) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verib. Bunu İsrail qəbul etsə də, bəzi ərəb ölkələri ona qarşı çıxıb. Nəticədə tərəflər arasında münaqişə yaranıb.

Sonradan bəzi ərəb ölkələri də, BMT kimi, İsraili müstəqil dövlət kimi tanıyıblar.

Fələstin hazırda BMT-də müşahidəçi statusuna malikdir.

 

AzadlıqRadiosu