Türkiyə Qərbi seçdi, bəs Azərbaycan?

Bu strateji seçim ölkəmizə nələr vəd edir?
Türkiyə prezidenti Ərdoğanın 2025-ci ildə Rusiya Qarabağdan çıxacaq deməsi sadəcə istək olmaqdan daha çox həm də bir strateji məqsəd daşıyan bir tələb idi. Çünki, bu bəyanatı verdiyi vaxt Türkiyə NATO sammitində Rusiyanı məyus edərək açıq aşkar strateji məsələlərdə Qərblə birgə olduğunu göstərməkdə idi. Türkiyənin İsveçin NATO üzvlüyünə razılıq verməsi və qurumun Rusiya qarşı əməliyyat planını dəstəkləməsi, Ukrayna ilə bağlı verdiyi qərarlar, heç şübhəsiz ki, Qərbin Rusiyaya qarşı mövqeyini bölüşmək anlamına gəlir.
Türkiyənin Rusiyaya qarşı Qərb müttəfiqləri ilə eyni geosiyasi cinahda yer alması mütləq şəkildə regionumuzun təhlükəsizlik arxitekturasına da təsir göstərəcək. Rusiya Türkiyənin bu mövqeyindən narazı olsa da, buna adekvat reaksiya vermək iqtidarında deyil. Moskva çox gözəl başa düşür ki, indiki təcrid vəziyyətində Türkiyəyə qarşı istənilən əks reaksiya onun izolyasiyasını daha da artıra və əsas nəfəsliklərindən birini qapayaq bilər.
Ona görə də, Ərdoğanın yuxarıda bəhs etdiyimiz bəyanatı həm də arxasında Qərbin durduğu bir strateji tələbdir. Bu şəraitdə Azərbaycan hakimiyyətindən Qərb və onun regiondakı əsas tərəfdaşı olan Türkiyə ilə Rusiya arasında geosiyasi seçim etmək tələb olunur. Bu vəziyyətdə Azərbaycan rəhbərliyi istəməsə də, məcbur şəkildə Türkiyə ilə birliyi seçməyə məhkumdur. İndiki geosiyasi şərtləri 2020-ci il 9 noyabr bəyanatı imzalanarkən olduğu kimi Rusiya ilə gizlicə anlaşıb Türkiyəni qapı arxasında qoymağa müsaidə etmir. Çünki Azərbaycan iqtidarı görür ki, Rusiyanın Ukraynada məğlubiyyəti ilə bağlı birləşmiş Qərbin yekdil iradəsi var və zəifləmiş , Ukraynada məğlubiyyəti labüd olan Putinin yanında yer almaq çox böyük təhlükələrə yol aça bilər.
Bu isə o deməkdir ki, Azərbaycan hakimiyyəti başa düşməlidir ki, daxildə cəmiyyəti nə qədər əzə bilsə də, avtoritarizmi ayada saxlayan geosiyasi şərtlər dəyişməyə doğru gedir. Qərbin regionumuzda möhkəmlənməsi və əsas oyun qaydalarını müəyyənləçdirməsi şəraitində siyasi azadlıqları boğmaq, siyasi rəqabətdə ancaq zorakılığa arxalanmaq yaxın gələcəkdə indiki kimi mümkün olmayacaq. Qulağı tutub yeni qlobal çağırışları eşitməmək, heç də dəyişikliklər, açılım tələbləri ilə üzləşilməyəcək anlamına gəlmir. Elə isə yeni dövrə polis dəyənəyi ilə deyil, siyasətçi məntiqi ilə hazırlaşmaq lazımdır.
 
Fuad Qəhrəmanlı