"Tərtər işi" üzrə işgəncələrdə iştirakı olan hər kəs cəzalandırılmalıdır - hüquq müdafiəçisi

Operativtv.com Turan-a istinadən xəbər verir ki, “Bakı İnsan Hüquqları Klubu” Baş Prokurorluğun İctimai Birliyi (BİHK) "Tərtər işi"nin 19 fiqurantı barəsində cinayət təqibinə son qoymasını və onların azad edilməsini alqışlayıb. 

BİHK "Tərtər işi" üzrə mühakimə olunanlara qarşı işgəncələrdə iştirakı olanların hamısını müəyyən etməyə və onları cinayət məsuliyyətinə cəlb etməyə çağırır.

BİHK 7 dekabr tarixli bəyanatında qeyd edir ki, hərbi qulluqçular amansız işgəncələrə məruz qalıblar, onlar yalan ifadələr verməyə məcbur edilib və 10 ildən 20 ilə qədər azadlıqdan məhrum edilib. 

BİHK "Tərtər işi" üzrə həbs edilənlərin azad edilməsi haqqında qərarı hüquqi dövlət quruculuğu baxımından əhəmiyyətli və irəliyə doğru atılmış addım kimi qiymətləndirir.

BİHK eyni zamanda "Tərtər işi" üzrə işgəncələrdə və ittihamların saxtalaşdırılmasında iştirakı olan şəxslərin tam dairəsinin müəyyən edilərək onların cinayət məsuliyyətinə cəlb edilməsi zərurətini qeyd edir. 

BİHK həmçinin azad edilmiş şəxslərlə eyni dövrdə oxşar ittihamlar əsasında həbs edilərək ağır cəzalara məruz qalmış daha 12 hərbi qulluqçunun işinin yenidən araşdırılmasında israr edir.

Bundan başqa, "Tərtər işi" üzrə zərərçəkmiş şəxslərin dairəsinin müəyyən olunması və onların hüquqlarının bərpa edilməsinin vacibliyini vurğulayır.