Tbilisidə "İrfani Düşüncə və Müasir Dünya: Ruhun Yenidən Oyanışı" adlı konfrans keçirilib

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin təşkilatçılığı ilə Tbilisi şəhərində "İrfani Düşüncə və Müasir Dünya: Ruhun Yenidən Oyanışı" mövzusunda konfrans keçirilib.

 Bu barədə BGMİ-nin rəsmi sosial şəbəkədə səhifəsində məlumat verib.

"Tbilisi Palace" otelinin konfrans zalında baş tutan tədbirin moderatorluğunu Şərqi Gürcüstan müftisinin məsləhətçisi və Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev edib. 

O, qonaqları salamladıqdan sonra konfransın mühazirəçilərini iştirakçılara təqdim edib və Qurani-Kərim tilavətinə yer verib. Daha sonra İkinci Kosalı İslam Mədrəsəsinin müdiri Natiq Əliyev Qurani-Kərimdən bir neçə ayə tilavət edib. Ardınca Musa Hacıyev irfan anlayışı haqqında qısa məlumat verdikdən sonra müfti İdarənin şərqi-Gürcüstan müftisi Etibar Eminov təsəvvüfün əhəmiyyətindən bəhs edib. 

O, çıxışı zamanı insan ruhunun təsəvvüflə rahatlıq tapmasından və nəfsin tərbiyəsində təsəvvüfün rolundan danışıb. Qərbi Gürcüstan müftisi Adəm Şantadze çıxışında irfani düşüncənin və mənəviyyatın ailə tərbiyəsindəki əhəmiyyətinə toxunub. 

Türkiyədə fəaliyyət göstərən Aziz Mahmud Hüdayi Vəqfinin sədr müavini Abdurrahman Topbaş isə mənəviyyat və maddiyyatı müqayisə edərək ruhun arınması və rahatlıq tapması üçün mənəvi yönə yönəlməyin vacibliyindən bəhs edib. O, müasir texnologiyanın yüksək səviyyəli məlumat təqdim etdiyini, lakin insana mənəvi dəyər verə bilmədiyini vurğulayaraq irfani yaşamın əhəmiyyətini önə çəkib. Hüdayi Vəqfinin xaricdəki təhsil və mədəniyyət şöbəsinin sədri Alican Tatlı çıxışında təsəvvüfün, yəni irfani düşüncənin, dinin əsası olduğunu və İslama sonradan daxil olmadığını vurğulayıb. O, bu anlayışın sonradan termin olaraq formalaşsa da, Peyğəmbər dövründən bəri mövcud olduğunu ifadə edib.

Türkiyənin Gürcüstandakı səfirliyinin Din İşləri Müşaviri Mahmut Göl konfrans təşkilatçılarına təşəkkür edərək çıxışına başlayıb və irfansız elmin yetərsiz olduğunu bildirib. O, elmin irfanla dərindən əlaqəli olduğunu vurğulayıb.

Vəqfin Qafqaz bölgəsi üzrə məsul şəxsi və eyni zamanda Azərbaycanda fəaliyyət göstərən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim də çıxışında qonaqları salamladıqdan sonra irfani düşüncənin Qurani-Kərimdən süzülüb gələn bir yaşayış tərzi olduğunu ifadə edib. O, irfani düşüncə, yəni təsəvvüf, Quranı yaşamaqdır deyərək vurğulayıb ki, insan özünü düzəltdikdə cəmiyyət də düzəlmiş olur.

Gəncliyə Yardım Fondunun idarəçisi Sedat Demir isə çıxışında maddə və məna arasındakı bağlara toxunaraq mənəviyyatsız cəmiyyətlərdə maddiyyat sevgisinin artdığını və bunun günümüzdəki böhranların əsas səbəblərindən biri olduğunu qeyd edib.

 

 

 

Aktual.ge