Sizə sizin bəyənmədiyiniz sualı vermək bu ölkədə cinayət sayılır

"Toplum TV işi” üzrə həbs olunan jurnalist Fərid İsmayılov prezidentin köməkçisi Hikmət Hacıyevə açıq müraciət ünvanlayıb.
Müraciəti olduğu kimi təqdim edirik.
“Sizə COP-29 (BMT-nin iqlim konfransı) tədbirində verdiyim suallardan sonra Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) tərəfindən ard-arda təqib və təzyiq­lərə məruz qaldım. Yekunda oğurlanaraq 6 ağır maddə ilə həbs olundum. Bu müddət ərzində nə istintaq, nə məhkəmə orqanı ittiham olunduğum maddələrlə bağlı hansısa sübut ortaya qoya bildi, əvəzində BŞBPİ əməkdaşları sizinlə etdiyim müsahibənin mənim həbsimə əsas olduğunu etiraf ediblər. Siz özünüz də bu cinayət işinin əslində siyasi iş olduğunu mənə verdiyiniz cavabda təsdiqləmiş­diniz.
Cənab Hacıyev, COP-29 tədbirində söhbətimiz zamanı Azərbaycanın məhkəməsinin bu cinayət işində ədalətli olacağına inanaraq söz vermişdiniz. 10-cu aydır ki, məhkəmə prosesi aparılır, belə proses olsa-olsa şəriət məhkəməsində ola bilər.
Sizə sual vermək, həm də bəyənmədiyiniz sualı vermək bu ölkədə cinayət sayılır. Mən yenidən “cinayət” törədərək soruşuram: Nə vaxt sözünüzə əməl edib bu özbaşınalığı dayandıracaqsınız?”.