Siyasi partiya və təşkilatlar Rəsulzadənin abidəsini ziyarət edib

Bu gün, yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu ili münasibəti ilə müxtəlif partiya və təşkilatlar siyasi xadimin Novxanı kəndindəki abidəsini ziyarət edib. 

Operativtv.com Toplum Tv-yə istinadən xəbər verir ki, abidəni ziyarət edənlər arasında "Müsavat" Partiyası, Milli Şura, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokratiya və Rifah Hərəkatı, Ağ Partiya və s. kimi təşkilatlar olub.    

"Müsavat" Partiyası başqanı Arif Hacılı abidənin önündə çıxış edib. O nitqində Azərbaycan hökumətinin Rəsulzadə irsinə münasibətini tənqid edib. Onun sözlərinə görə, siyasi xadimin irsinə qısqanclıq var və bu qısqanclıq aradan qaldırılmalıdır. 

Həmçinin digər partiya və təşkilatların liderləri abidə önündə çıxışlar ediblər. 

Ziyarət zamanı polislə iştirakçılar arasında hansısa münaqişə baş verməyib. Abidəni ziyarət sakit şəkildə başa çatıb.