"Silahlı Qüvvələrdə qeydə alınmış cinayətlərin 99,3 faizi açılıb"

“Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub. Hesabat dövründə qeydə alınmış cinayətlərin 99,3 faizi açılıb”.

Bunu baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində deyib.

Hərbi prokuror bildirib ki, 2017-ci ilin birinci yarımili ilə müqayisədə hesabat dövründə qeydə alınmış ağır cinayətlər 3,6 faiz, xüsusilə ağır cinayətlər 14,3 faiz, qeyri-hərbi cinayətlər 19 faiz, şəxsiyyət əleyhinə olan cinayətlər 4 dəfə, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər 28,6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 5,9 faiz, tabelik qaydası əleyhinə cinayətlər 23 faiz, hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 24,5 faiz azalıb. Azalma fərarilik cinayətlərində 50 faiz, silahla və ya ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətlərində 33,3 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərində 34,4 faiz, qəsdən adam öldürmə cinayətlərində 14,3 faiz, özünü öldürmə həddinə çatdırma cinayətlərində 66,7 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərin 33,3 faiz, mülkiyyət əleyhinə olan cinayətlərində 12,8 faiz təşkil edib: “Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub”.

O deyib ki, 2017-ci ilin birinci yarısı ilə müqayisədə hesabat dövründə birləşmələr üzrə qeydə alınmış cinayətlərin sayı Daxili Qoşunların hərbi hissələri üzrə 40 faiz, Ədliyyə Nazirliyinin hərbi hissələri üzrə 33,3 faiz, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri üzrə 11,1 faiz, Dövlət Sərhəd Xidmətinin hərbi hissələri üzrə isə 7,7 faiz azalıb.

faktxeber.com