Samir Aşurov aclıq aksiyasını dayandırıb

Həbsdə olan fəal Samir Aşurov həbsxana rəhbərliyinin tələblərini qəbul etməsindən sonra 8 gün davam edən aclıq aksiyasını dayandırıb.
Fəalın həyat yoldaşı Nura Aşurova sosial şəbəkədə yazıb ki, Samir Aşurovun aclığı bazar günü dayandırmasının səbəbi həbsxananın rəisi Vüsal Aslanovun tələbləri qəbul etməsidir. Onun bildirdiyinə görə, razılaşmaya əsasən, Aşurova qarşı fiziki zorakılıq hallarına yol verilməyəcək.
Məlumata görə, Samir Aşurov həbsxanada “Siyasi məhbusların müdafiəsi komitəsi”nin yaradılmasında iştirak etdiyinə görə təzyiqlərlə üzləşib. Bildirilir ki, bu komitəni 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bir qrup jurnalist və fəal yaradıb. Həmin şəxslər arasında jurnalist Hafiz Babalı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov, iqtisadçı Fazil Qasımov, həmçinin fəallar Laçın Vəliyev və Mehman Əliyevin də adı çəkilir.
Nura Aşurova bildirib ki, komitə yaradıldıqdan sonra həm həyat yoldaşına, həm də digər məhbuslara qarşı təzyiqlər artıb. Onun sözlərinə görə, dekabrın 27-də həyat yoldaşı ilə telefon danışığı yarımçıq kəsilib.
Aşurova bir gün sonra isə həyat yoldaşının həbsxana rəhbərliyinin təzyiqinə etiraz olaraq aclıq aksiyasına başladığı barədə məlumat aldığını yazıb. Onun iddiasına görə, direktor Vüsal Aslanov Aşurovu bir neçə dəfə şillələyib və onu təkadamlıq kameraya salmaqla hədələyib.
Həyat yoldaşının sözlərinə görə, Samir Aşurov bir neçə xroniki xəstəlikdən əziyyət çəkir və aclıq aksiyası onun səhhəti üçün risk yaradır.
Samir Aşurov 2022-ci il martın 29-da Almaniyadan deportasiya edildikdən təxminən 20 gün sonra Bakıda saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham olunub (CM-nin 126.2.4-cü maddəsi – xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma). Sonradan ona qarşı CM-nin 221.3-cü maddəsi (silah və ya silah qismində əşya ilə xuliqanlıq) üzrə də ittiham irəli sürülüb.
2023-cü ilin dekabrında məhkəmənin hökmü ilə Aşurov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır və hesab edirlər ki, həbsin əsl səbəbi onun Almaniyada Azərbaycan hakimiyyətinə qarşı keçirilən aksiyalarda fəal iştirakı olub.