Qardaşı Ələsgər Məmmədli ilə görüşüb

"Toplum Tv"-nin təsisçisi, həbsdə olan media eksperti Ələsgər Məmmədlinin qardaşı politoloq Nəsimi Məmmədli bu gün onunla 1 saylı Bakı İstintaq Təcridxanasında görüşüb.
Nəsimi Məmmədli görüş barədə təfsilatı ilə yazıb: Bakı İstintaq Təcridxanasında saxlandığı gündən bəri ilk dəfə Ələsgər bəylə görüşdüm. Görüş şüşə səddin arxasından telefon vasitəsilə baş tutdu.
Ələsgər bəy təcridxanada həkim müayinəsindən keçirilib. Ombusman aparatının nümayəndəsi də müayinə prosesində iştirak edib. Ona özəl klinikada qoyulan diaqnozu təcridxananın həkimi də təsdiq edib. Hazırda həkiminin müəyyən etdiyi dərmanları qəbul edir. Qarın nahiyəsindəki ağrılar qismən azalıb. Doktoru təcili Qalxanabənzər vəzinin iynə biopsiyasını tövsiyə etsə də hələ bu müayinəni aparmaq mümkün olmayıb. Ələsgər bəyin ümumi səhəti normal görünsə də nəfəs almaqda çətinlik çəkir. Saxlanma şəraitindən narazılığı yoxdur.
Heç bir cinayət əməli törətmədiyini əsas tutaraq istintaqa ifadə verməkdən imtina edir. Ona qarşı irəli sürülən ittihamları tamamilə əsassız sayır. Tezliklə bu ədalətsizliyə son qoyulacağına ümid edir.
Ələsgər bəy bu mərhələdə ona dəstək verən hər kəsə öz təşəkkürünü bildirdi. Barəsində böhtan, yalan yazan media orqanlarını qınadığını və onları təqsirsizlik prezumpsiyası hüququna əməl etməyə çağırdı.
Ələsgər bəy tamamilə qondarma ittihamla həbs olunub. Onun həbsinin yeganə səbəbi azad, müstəqil, qərəzsiz, obyektiv, ədalətli və balanslı media orqanı yaratmasıdır. O, Toplum TV-nin təsisçisi kimi nümunəvi bir media orqanını cəmiyyətə təqdim etmişdi. İqtidarın, müxalifətin, müstəqil şəxslərin sərbəsət şəkildə öz fikirini ifadə etdiyi bir platforma idi. Toplum TV qısa müddətdə alternativ fikirlərin tribunası olaraq özünü təsdiq edə bildi. Təəssüf ki, belə bir önəmli media resursunu davam etdirmək mümkün olmadı. Dövlət qurumları Ələsgər bəyin səhətindəki ciddi problemləri, təqsirsizliyini nəzərə alaraq onu dərhal azad etməlidir.
 
 
Azadlıq Qəzeti