Azərbaycan İran-İsrail münaqişəsinə cəlb oluna bilərmi?

Təhlilçilər narahatdırlar ki, İran-İsrail münaqişəsi qızışsa, miqyası böyüsə, Azərbaycan bu qarşıdurmanın bir hissəsinə çevrilə bilər

2024-cü ildə, İranın İsrailə dron hücumu etdiyi bir dönəmdə durum bir az fərqlidir.

Azərbaycan və İran son illərin gərgin münasibətlərini tənzimləmiş kimi görünürlər. Azərbaycan həm də Tehranın və Moskvanın qatıldığı 3+3 formatına meylli görünür.

Bir tərəfdə uzaq dost ölkə İsrail, bir tərəfdə də yaxın qonşu İran.

Əvvəlcə ondan başlayaq ki, İsrailin tərəfdaş ölkə kimi Azərbaycandan gözləntisi nədir?

İsrail kəşfiyyatının – Mossad-ın keçmiş direktoru Efraim Halevi AzadlıqRadiosuna müsahibəsində bu suala belə cavab verib:

“Düşünmürəm ki, İsrail İranla aramızda müharibə olarsa, buna Azərbaycanın qoşulmasını istəyəcək. Biz Azərbaycanı hərbi əməliyyatlara cəlb edib, çətin vəziyyətə salmaq istəmirik. Bizim istədiyimiz Bakıdan mənəvi dəstək almaqdır. Azərbaycandan istədiyimiz odur ki, İranın davranışları ilə bağlı, İranla bağlı baxışlarını ifadə etsin. İstəyirik ki, Azərbaycan aydın şəkildə bildirsin ki, İranın yalnız İsraillə bağlı yox, bütün qonşuları ilə bağlı yürütdüyü siyasəti haqda nə düşünür. Məncə, Azərbaycanın da marağındadır ki, bunu qəbul etsin”.

İranın aprelin 13-də İsrailə dron hücumundan sonra bir çox Qərb dövlətləri Tehranı pisləyən, İsraili açıq dəstəkləyən bəyanatlar versələr də, Efraim Halevin gözləntisinin əksi olaraq Azərbaycan Xarici İşlər Nazirliyi hər iki tərəfi təmkinli olmağa çağıran bəyanat verib:

"Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə biləcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq”.

Lakin Azərbaycan-İsrail arasında münasibətlərdə KİV-lər şübhəli məqamların olduğuna diqqət çəkir. Məsələn, hələ 2009-cu ildə qalmaqallı WikiLeaks saytı iddia edirdi ki, İsrail Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə edir.

İddi olunurdu ki, guya İsrailin əsas məqsədi Azərbaycanı İrana qarşı müttəfiq kimi, eləcə də kəşfiyyat platforması və hərbi texnika bazarı kimi qorumaqdır.

2014-cü ildə İran Silahlı Qüvvələri Baş Qərargahının müavini Məsud Cəzayeri deyib ki, İran ərazisinə ölkənin şimal qonşusundan pilotsuz təyyarə qaldırılıb. Həmin vaxt Azərbaycan Prezident Administrasiyasının rəsmisi Əli Həsənov xəbəri “kənar dairələrin təxribatı” kimi qiymətləndirmişdi.

“Düşünmürəm ki, Azərbaycan ərazisi İsrailə xidmət edir. Azərbaycanla münasibətimiz var, turist səfərləri edirik, gedib-gəlirik, bizim İranı daha yaxından izləmək kimi imkanımız yaranır. Məncə, bu, bir üstünlükdür. Biz bundan hərbi mənada istifadə etmirik, bizim İran-Azərbaycan sərhədində İranla münaqişəyə girmək kimi niyyətimiz yoxdur. Odur ki, Azərbaycan bizimlə münasibətdə tam rahat ola bilər” bunu Mossad-ın keçmiş direktoru Efraim Halevi deyib.

Əslində, WikiLeaks-in sözügedən açıqlamasından ötən dövrdə Azərbaycan-İsrail münasibətləri bir az da sıxlaşıb, belə ki, Bakı uzun illərdən sonra həm də, 2023-cü ildə bu ölkədə səfirliyini açıb.

İsrail Azərbaycanın əsas silah təchizatçılarındadır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun - SIPRI məlumatına görə, 2016-2020-ci illərdə İsrail Bakının silah idxalının 70 faizə qədərini verib. Bu, həmin dönəmdə İsrailin silah ixracının 17 faizi demək idi.

Keçən ilin payızında Forbes jurnalı yazırdı ki, hazırda Azərbaycan İsrailin neft tələbatının təqribən 40 faizini təmin edir, avtomobil və təyyarələri enerji ilə təmin edən mühüm ölkədir.

Beynəlxalq Böhran Qrupunun İran layihəsinin baş məsləhətçisi Əli Vaez hesab edir ki, bütün bu tarixçəni, coğrafi amilləri nəzərə alanda Azərbaycanın durumu doğrudan da risklidir