Polşa XİN Rusiya istehsalı olan raketin ölkənin şərqinə düşdüyünü iddia edir

Polşa Xarici İşlər Nazirliyi Rusiyanın respublikadakı səfiri Sergey Andreyevi ölkənin şərqində baş verən insidentlə əlaqədar nazirliyə çağırıb.

Qurumun məlumatına görə, ölkənin şərqinə "Rusiya istehsalı olan raket" düşüb. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə çərşənbə günü Polşa Xarici İşlər Nazirliyi rəsmi saytında məlumat yayıb. 

"2022-ci il noyabrın 15-də Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən Ukraynanın bütün ərazisi və onun mühüm infrastruktur obyektlərinin bir neçə saat ərzində kütləvi şəkildə atəşə tutulması müşahidə olunub. Saat 15:40-da (Moskva vaxtı ilə 17:40)Rusiya istehsalı olan raket Lublin şəhərinin Prjevodov kəndi ərazisinə düşüb, iki Polşa vətəndaşı həlak olub. Bu insidentlə bağlı xarici işlər naziri Zbiqnev Rau Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb və dərhal ətraflı izahat tələb edib", deyə məlumatda deyilir. 

Polşa Xarici İşlər Nazirliyi hələlik görüşün vaxtını açıqlamayıb.

Polşanın "ZET" radiosu qeyri-rəsmi mənbələrə istinadən xəbər verir ki, çərşənbə axşamı iki raket Polşanın şərqində, Ukrayna ilə sərhəddə yerləşən Lublin şəhərəinin Prjevodov kəndində taxıl qurutma maşınlarına tuş gəlib. Xilasedicilərin sözlərinə görə, iki nəfər ölüb.

Polşa hakimiyyəti həm ölkə daxilində, həm də NATO müttəfiqləri ilə təcili danışıqlar aparır. NATO rəsmisi Brüsseldə bildirib ki, çərşənbə axşamı Polşadakı insidentlə bağlı Şimali Atlantika Şurasının səfirlər səviyyəsində iclası keçiriləcək.

Rusiya Müdafiə Nazirliyi Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə Rusiya silahlarından heç bir zərbə endirilmədiyini bildirib. Nazirliyin qeyd etdiyinə görə, Polşa mediasının hadisə yerindən raketlərin qalıqlarına dair paylaşdığı fotoşəkillərin Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur.