Son günlər Azərbaycanda bəzi məktəblərdə hicablı müəllim və şagirdlərə qarşı edilən təzyiqlər ciddi narahatlıq doğurur. Bu, təkcə bir geyim məsələsi deyil bu, dövlət siyasətinə, ictimai sabitliyə və milli birliyə toxunan bir məsələdir.
Açıq danışmaq lazımdır. Bu cür addımlar sadəcə inzibati qərar deyil bu, açıq təxribatdır. Çünki nəticəsi artıq indidən görünür. Dindar təbəqə narazı salınır, cəmiyyət daxilində süni gərginlik yaradılır və insanlar dövlətə yox, alternativ qüvvələrə yönləndirilir. Bu isə artıq sosial məsələ deyil strateji təhlükədir.
Azərbaycan illərdir dünyaya multikulturalizm nümunəsi kimi təqdim olunur. Bu, sadəcə imic deyil bu, dövlət siyasətidir. Mərhum Heydər Əliyev açıq şəkildə deyirdi: “Azərbaycanda din dövlətdən ayrıdır, amma dövlət dinə hörmətlə yanaşır.” Bu yanaşma balans modelidir nə radikalizm, nə də sıxışdırma.
Bu xətt bu gün də davam edir. Ölkə başçısı İlham Əliyev dəfələrlə vurğulayıb: “Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır və fəaliyyət göstərir. Bu, bizim böyük sərvətimizdir.” Bəs bu siyasət ortada ola-ola, hansısa məktəb direktoru və ya müəllim hansı əsasla bunun əksini edir?
Əsas sual məhz budur: kimə xidmət edirlər?
Çünki bu cür addımların nəticəsi çox aydındır. İnsanları dövlətdən uzaqlaşdırmaq, dindar kəsimi radikallaşmaya itələmək və onları xarici təsirlərə açıq hala gətirmək. Bu işi görənlər istər bilərəkdən, istər bilməyərəkdən düşmənlərin planına işləyirlər.
Tarix dəfələrlə göstərib ki, insan sıxıldıqca alternativ axtarır. Sahib çıxılmayan insanı isə mütləq başqası sahiblənir. Əgər dövlət öz vətəndaşına sahib çıxmasa, başqası çıxacaq. Bu isə artıq milli təhlükəsizlik məsələsidir.
Bu məsələdə susmaq olmaz. Dövlət siyasətinə zidd addım atanlar müəyyən edilməli, bu cür özbaşınalıqların qarşısı qəti şəkildə alınmalıdır. Cəmiyyətə açıq mesaj verilməlidir ki, dövlət öz vətəndaşının yanındadır. Çünki bu gün bir şagirdin baş örtüyü kimi görünən məsələ sabah daha böyük sosial parçalanmalara səbəb ola bilər.
Azərbaycanın gücü onun müxtəlifliyindədir. Bu müxtəlifliyi sıxmaq yox, qorumaq lazımdır. Dövlətin xətti aydındır. Bu xəttə qarşı çıxanlar isə ya məsuliyyətsizdir, ya da daha təhlükəli məqsədli şəkildə təxribat aparırlar.
Ceyhun Hacıyev
Dövlətin siyasətinə zidd gedənlər kimə xidmət edir görəsən?