Onu Nizami metrosunun yaxınlığında təsadüfən görmüşdüm. Taxtadan yonulmuş, düzəldilmiş müxtəlif musiqi alətlərinin fiqurlarını pilləkənin yanındakı səkiyə düzmüşdü. Gülümsər simasında açıq, mehriban bir ifadə vardı. Yaxınlaşıb fiqurlara baxmağa, onlarla bağlı gəncə suallar verməyə başladım. Daha sonra ondan reportaj hazırlamaq istəyimi bildirdim, etiraz etmədi.
Elçin 1988-ci ildə Ucar rayonunda anadan olub. Söylədiyinə görə, bu sənətlə 2-3 aydır ki, məşğul olmağa başlayıb. Bu sənətin sirlərini Ramanada fiziki məhdudiyyətlilər üçün fəaliyyət göstərən mərkəzdə öyrənib. 6 aylıq kursu başa vurduqdan sonra yenidən Ucara qayıdıb. Rayonda iş tapa bilmədiyindən yenidən Bakıya üz tutub. Deyir burada da bir neçə ay iş axtarıb, müraciət etmədiyi yer qalmayıb. Lakin hər yerdə ona “Sən əlilsən, qüsurlusan,əlillərə iş yeri açılmayıb, sənə iş verə bilmərik” deyiblər. Elçin bundan sonra sənət məktəbində öyrəndiyi peşəni tətbiq edərək, taxtadan müxtəlif musiqi alətlərinin fiqurlarını düzəltməyə başlayıb. Emalatxanasını da yaşadığı evin otağında qurub. İlk düzəltdiyi fiqurun tar olduğunu deyən Elçin kustar üsulla çalışmanın çətin olduğunu bildirir. Deyir əgər onun şəraiti,lazımı alətləri tapmaq imkanı olsaydı, daha yaxşı işlər görə bilərdi, əlləri müxtəlif xəsarətlər almazdı: “Qiymətləri baha da deyil. Amma gəlib-gedənlər alətləri çox ucuza almaq istəyirlər, əlacım olmadığından çörəkpuluna görə razılaşıram. Polislər çox incidir, yer pulu üçün gündəlik 30 manat pul istəyirlər. Mənim heç o qədər gündəlik qazancım olmur”.
"Polislər yer pulu üçün gündəlik 30 manat pul istəyirlər, heç o qədər gündəlik qazancım olmur” - Video
Oxşar xəbərlər