Polis Tale Bağırzadənin ailəsini Şəhidlər Xiyabanına buraxmadı

Hacı Tale Bağırzadənin həyat yoldaşı Leyla xanım İsmayılzadə bildirib ki, 20 Yanvar Şəhidlərinin xatirəsini yad etmək üçün 7 uşaqla Şəhidlər Xiyabanına yola düşüblər. Lakin Elmlər Akademiyası metrosunun çıxışında özünü Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edən mülki geyimli polislər onların qarşını kəsib, telefonlarını əllərindən alıb və metronun içindəki kiçik otağa salıblar. Ziyarətçiləri bir saatdan çox ayaq üstə saxlayıblar. Leyla İsmayılzadə dəfələrlə telefonu istəsə də, verməyiblər:
"Bizi çöldə Ağaəli Yəhyayevin həyat yoldaşı Şahanə xanım uşaqları ilə gözləyirdi. Dedim ki, telefonu verin, bacıya deyim ki, getsin, gözləməsin bu soyuqda, yanında uşaq var, telefonumu vermədilər. 10 dəqiqəyə çıxırsız deyib, bir saatdan çox saxladılar."
Uşaqlardan şəxsiyyət vəsiqəsi tələb ediblər və onların bəzilərinin adının portalda olmadığını bəhanə gətirib geri qayıtmalarını əmr ediblər:
"Mənə dedilər ki, uşaqların valideynlərinə deyin, gəlib aparsınlar. Dedim ki, uşağın birinin atasını Nardaran hadisəsində öldürmüsüz, birinin atasını əlil etmisiz, birinin də atasını narkotiklə şərləyib həbs etmisiniz. Belə deyəndə, bizi bir CİP -ə mindirib evimizə gətirdilər. Arxamızca bir maşın dolusu polis də bizi müşayiət edirdi. Onlar nə qədər çalışsalar da, bizim qan yaddaşımız olan 20 Yanvar hadisəsini unutdura bilməyəcəklər. Bizim uşaqlar hər il bu günü və digər əlamətdar günlərdə Şəhidlərimizi ziyarət edir. İndi də buna yasaq qoydular."
Qeyd edək ki, Leyla İsmayılzadə ilə birgə Nardaran şəhidi Rafael Bünyadovun oğlu, Nardaran hadisələrində güllələnərək əlil edilən Əbülfəz Bunyadovun oğlu, narkotik ittihamı ilə şərlənib həbs edilən MBH üzvü Mayıl Kərimovun oğlu da ziyarətçilərin arasında olub.
 
Məlumat Xəbər Agentliyi