Polis siyasi məhbusun həyat yoldaşını ruhi xəstəxanaya yerləşdirməklə təhdid edir

Operativtv.com Turan-a istinadən xəbər verir ki, siyasi məhbus Aqil Hümbətovun həyat yoldaşı Turan-a müraciət edərək, Bakı Şəhər Polis İdarəsindən təhdid aldığını bildirib.

"Bazar ertəsi, noyabrın 28-də (2022) Bakının Zirə qəsəbəsindəki evimdən çıxıb Ali Məhkəmədə həyat yoldaşımın işinin ədalətli araşdırılması tələbi ilə etiraz aksiyası keçirməyə gedəcəkdim. Günorta saat 11-də evimin qarşısında iki polis maşını gördüm. Məni zorla onlardan birinə mindirdilər və Bakı Şəhər Polis İdarəsinə apardılar. Orada zabit Tərxan Əliyev mənimlə nəzakətlə söhbət edərək, həyat yoldaşımın işinə baxılması və üç övladımıza sosial yardım haqqında tələblərimin yerinə yetiriləcəyini vəd edib. O, etiraz aksiyaları keçirməyə son qoymağı xahiş edib. Adını bilmədiyim digər zabit isə kobud danışır, iki azyaşlı uşağı evdə qoyub Bakıda getdiyim üçün mənim pis ana olduğumu, buna görə polisin məni dəli elan edəcəyini, ruhi xəstəxanaya yerləşdirəcəyini, uşaqları isə uşaq evinə göndərəcəyini deyirdi".

"Mənə xəbərdarlıq etdilər ki, bir daha etiraz aksiyası keçirsəm polisin təhdidi həyata keçiriləcək", deyə o bildirib.

Aygün Hümbətovanın sözlərinə görə, o, həqiqətən altı və 3,5 yaşlı iki uşağı evdə qoymaq məcburiyyətindədir, çünki böyük, on yaşındakı oğlu ilə Bakıya həkimə gedir. Evdə qalan uşaqlara baxacaq adam yoxdur.

Böyük oğlan autizm xəstəsidir. Ailə xəstə uşaq üçün 280 manat müavinət alır və Azərbaycan Xalq Cəbhəsi Partiyası kömək edir. Taksiyə verəcək pulu yoxdur, Bakıya gedərkən də, qayıdarkən də, o, xəstə oğlu ilə üç avtobus dəyişdirir.

Aygün Hümbətova hakimiyyəti ərini təqsirsiz olduğu halda adam öldürməyə cəhd ittihamı ilə həbs etməkdə ittiham edir və onun faktiki olaraq müxalifətin mitinqlərində fəal iştirakına görə cəzalandırıldığını hesab edir.

Həyat yoldaşı metal qırıntıları yığıb satmaqla ailəni dolandıran yeganə insan idi. Aygün və üç uşağı yarıac-yarıtox yaşamağa məcburdur, hələ həbsdə olan həyat yoldaşına ərzaq bağlaması da göndərməlidir.

Hümbətovanın tələbləri Ali Məhkəmədə həyat yoldaşının işinə ədalətli baxılmasından, bir deyil, üç övladı üçün sosial yardımın təmin edilməsindən, onlara uşaqlara baxmağa kömək üçün sosial işçi xidməti göstərilməsindən, uşaqlara pulsuz loqoped yardımından və Aqil Hümbətovun Penitensiar Xidmətin klinikasında müalicə olunmasından ibarətdir. Həbsdə olan Hümbətov xəstədir, həyat yoldaşı hesab edir ki, Penitensiar Xidmətdə Hümbətov lazımi tibbi yardımla təmin edilmir.

"Polis məni necə təhdid edirsə etsin, mən həyat yoldaşım və uşaqlarım üçün sonuna qədər mübarizə edəcəyəm. Onların təhdidləri məni qorxutmur. Jurnalistlərdən dediklərimi yaymağı xahiş edirəm, ümidim cəmiyyətin köməyinədir. Aqil Hümbətov təqsirsizdir, onun övladları acından ölməməlidir", deyə siyasi məhbusun həyat yoldaşı bildirib.

2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətovu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla sağlamlığa qəsdən ağır zərər vurmağa (AR CM-in 126.2.4-cü maddəsi, 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur) görə həbs edilib. Hümbətov əvvəlcə özünü təqsirli bilib, amma sonradan, istintaq zamanı o, münaqişədə iştirak etmədiyini, dalaşmadığını və bıçaqla xəsarət yetirmədiyini, saxta cinayət işinin müxalif fəaliyyətinə görə onu cəzalandırmaq məqsədi daşıdığını bildirib. Hümbətov ilkin ifadələrindən imtina edib, onları işgəncə altında verdiyini bildirib.

Aqil Hümbətov ötən il avqustun 11-də saxlanılıb və Zirə qəsəbəsinin sakini Yəmən Məmmədova bıçaq xəsarəti yetirməkdə ittiham olunub.

DİN Hümbətovanın təhdidlər haqqında bəyanatını inkar edir. DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turan-a bildirib ki, Hümbətova dəfələrlə həqiqətə uyğun olmayan bəyanatlar verib.

"Polis vətəndaşların analıq hüququndan məhrum edilməsi və ruhi xəstəxanalara yerləşdirilməsi ilə məşğul olmur", deyə DİN nümayəndəsi əlavə edib.