Paşinyan Azərbaycana hücum etməməklə bağlı pakt imzalamağı təklif edir

Ermənistanın baş naziri bazar günü - yanvarın 28-də deyib ki, Azərbaycana hücum etməməklə bağlı pakt imzalamağı təklif edib.

Nikol Paşinyan çıxışında Yerevanın Azərbaycana təklif etdiyi qoşunların sərhəddən qarşılıqlı çəkilməsi təklifindən danışıb.

"Qoşunların qarşılıqlı çəkilməsi Azərbaycan SSR-in ərazisinin Azərbaycanın, Ermənistan SSR-in ərazisinin isə Ermənistanın nəzarətində qalmasına imkan verəcək. Biz həminin sərhədlərin demilitarizasiyasını, yəni, Azərbaycanla demilitarizasiya təklif etmişik. Həmçinin sülh sazişinin imzalanması gözlənildiyindən daha çox vaxt apararsa, silahlara qarşılıqlı nəzarət, eləcə də hücum etməməklə bağlı pakt imzalamağı təklif etmişik", - o deyib.

Paşinyan Ermənistanın sülh sazişinə sadiq qaldığını, bu gündəmdən geri çəkilməyəcəyini vurğulayıb.

Rəsmi Bakı, hələlik, Paşinyanın son təklifinə münasibət açıqlamayıb. Ancaq Azərbaycan hakimiyyəti də Ermənistanla sülh istədiyini dəfələrlə bildirib.

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində sərhədlərlə bağlı demişdi ki, sərhədlər müəyyən edilmədiyi üçün geri çəkilməyəcəklər: "Biz heç yerə qayıdan deyilik. Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir. Ancaq bizim indi Ermənistan tərəfindən mübahisə edilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb".

Yanvarın sonunda Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının görüşü keçirilməlidir.

Prezidenti Əliyev ötən ilin sonunadək sülh sazişi imzalana biləcəyini deyirdi. Ancaq beynəlxalq vasitəçilərin iştirakı ilə sülh danışıqlarında indiyədək nəticə əldə olunmayıb.

Rəsmi Bakı 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla Qarabağa nəzarəti bərpa etsə də, tərəflər sülh sazişi imzalamayıb. Sərhədlər delimitasiya və demarkasiya olunmayıb.

 

Azadlıq Radiosu