Avropa Məhkəməsi AzadlıqRadiosunun keçmiş əməkdaşlarının şikayətini araşdırır

Avropa İnsan Haqları Məhkəməsi AzadlıqRadiosunun keçmiş əməkdaşları Səadət Mehdiyevanın və Ülviyyə Axundovanın bank hesablarına həbs qoyulmasından verilmiş şikayəti araşdırmağa başlayıb.
 
Bu haqda AİHM-in məlumatında deyilir.
 
Məlumatda qeyd olunur ki, adıçəkilən şəxslərin bank hesabına həbs Azərbaycan prokurorluğunun QHT-lərə açılan cinayət işi ilə bağlı qoyulub.
 
Jurnalistlər bunun qanunsuz olmasını yerli məhkəmələrdə mübahisələndirsələr də, şikayətləri təmin edilməyib. Yekunda AİHM-ə şikayət olunub.
 
AİHM-ə şikayətdə ərizəçinin Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci (mülkiyyət hüququ) və Konvensiyanın 10-cu (ifadə azadlığı hüququ) maddələri ilə təminat altına alınan hüquqlarının pozulduğu iddia edilir.
 
AİHM şikayətlə bağlı Azərbaycan hökumətinə aydınlaşdırıcı suallar göndərib.
 
Azərbaycan hakimiyyəti 2014-cü ildə AzadlıqRadiosunun Bakı bürosunu möhürləyib. Hakimiyyət orqanları radionu vergi və maliyyə pozuntularında ittiham edirdi. Sonradan bu ittihamlar məhkəmədə dəlillərin olmaması üzündən rədd edilib. Həmin vaxt radionun, onun bəzi əməkdaşlarının bank hesablarına da həbs qoyulub.
 
2017-ci ilin mayında Yasamal Rayon Məhkəməsi AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, MeydanTV-nin, daha iki internet TV proqramının (TuranTV, «Azərbaycan saatı») saytlarının qapadılması barədə qərar çıxarıb. Beynəlxalq qurumlar, Qərb hökumətləri bu addımı pisləyib.
 
Azadlıq Radiosu