Saleh Rüstəmov bandotdeldə öldürülübmü?

Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid öz facebook profilində ağır bir xəbər paylaşıb. Heç bir əsas olmadan həbs edilən və saxta narkotik ittihamı ilə bandotdeldə saxlanılan Saleh Rüstəmovun işgəncə ilə döyülüb öldürülməsi ilə bağlı xəbərdir. Q. Zahid belə yazıb:

«Bu saatlarda Bakıdan həyəcanlı bir xəbər aldım. Mənə verilən məlumatda iddia olunur ki, 19 gündür, bandotdeldə saxlanılan Saleh Rüstəmov işgəncələrlə öldürülüb, amma bunu gizli saxlayırlar. Mənə verilən xəbərdə deyilir ki, yaxın bir – iki gündə onun guya intihar etdiyi barədə rəsmi açıqlama verəcəklər….Xəbərin nə qədər məsuliyyətli oluğunu, yaxınlarına və ailə üzvlərinə necə təsir edəcəyini nəzərə alıram, amma təəssüf ki, bu xəbəri gizlədə bilmirəm. Azərbaycandakı vətəndaş cəmiyyətinə, hüquq müdafiəçilərinə çağırış edirəm: bu xəbəri dəqiqləşdirməkdə yardım edin! ».

AXCP sədri Əli Kərimli bu xəbərlə bağlı fb səhifəsində sərt açıqlama verib:

“Saleh Rüstəmlinin “bandotdel”də işgəncə zamanı ölməsi haqda məlumat məni sarsıtdı. Saleh bəy AXC hakimiyyəti zamanı Gәdəbəy rayonu icra hakimiyyətinin başçısı olub. Uzun illərdir ki, Azərbaycanda yaşamırdı. Sosial şəbəkələrdə tirajlanan məlumatlara görə, Saleh bəy mayın 8-də həbs olunandan bәri qanunsuz olaraq “bandotdel”də saxlanılıb. Ailə üzvlərilə və vəkili ilə görüşünə imkan verilmәyib, ona və qardaşı oğlu Vidadi Rüstəmliyə işgəncə verilib. Yayılan məlumatlara görə, ondan AXCP və mənim əleyhimə hansısa yalan ifadələr almağa cəhd edilib, Saleh bəy növbəti belə işgəncəyə dözə bilməyib və artıq ölüb. Mən hələ də ümid etmək istəyirəm ki, xəbər doğru deyil və Saleh bəy yaşayır. Yox, əgər xəbər doğru olarsa, Saleh bəyin ölümü siyasi qətl sayılacaq və bu dəhşətli cinayətə görə İlham Əliyev və Ramil Usubov başda olmaqla, bütövlükdə hakimiyyət məsuliyyət daşıyacaq.
Saleh Rüstəmli ilə bağlı yayılan məlumatlara DİN təcili şəkildə aydınlıq gətirməlidir. Saleh bəy sağdırsa, ailə üzvləri və vəkili ilə görüşməsinə şərait yaradılmalı, onun və qardaşı oğlu Vidadi Rüstəmlinin təcili şəkildə “bandotdel”dәn istintaq təcridxanasına köçürülməsi təmin edilməlidir.
Sabah saat 12-yə qədər Saleh bəyin həyatı ilə bağlı yayılmış informasiyaya aydınlıq gətirilməsə, saat 12-də özüm gedəcəm “bandotdel”ә. Tutmaq istəyirlərsə, tutsunlar, sualları varsa, versinlər, təki günahsız insanlardan əl çəksinlər. Günahsız insanlardan işgəncə ilə ifadə almaq ləyaqətsizlikdir! Ancaq mənim də tələbimə cavab verməlidirlər. İndi zaman 21-ci əsrdir, bu ölkə də cəngəllik yox, 100 il öncə respublika qurmuş bir ölkədir. Saleh Rüstəmli sağdırsa, onun yaxınları ilə əlaqə qurması təmin edilməlidir. Öldürmüsünüzsə, xalqıma arxalanıb, deyirəm, cəzası ağır olacaq!”

Azadliq.info