''Bizə dedilər, ''Bandotdel''də istəsələr oğlunu öldürə də bilərlər''

Ata oğlunun şərlənərək həbs olunduğunu deyir

“Dinə bağlı, içkisi, siqareti olmayan oğlumu külli miqdarda narkotik ittihamı ilə şərləyib həbs ediblər. Biz bilirik, bu, onun inanclı olmasına görədir. Çünki ilk dəfə saxlanılanda ona dindarlarla bağlı suallar veriblər. Onlardan kimləri tanıyıb-tanımadığını soruşublar”.

Abşeron rayonu, Masazır qəsəbəsinin sakini Azadxan Adıyev belə deyir. Bildirir ki, oğlu Loğman Adıyev uşaq vaxtından ibadət edir. Heç bir təşkilatın, qruplaşmanın üzvü deyil, sadəcə evində ibadəti ilə məşğuldur, inanclıdır:

“Bundan ötrü də adam həbs edərlər? Özü də ürəyində problem vardı. Bir ay öncə yoxlanmaq üçün İrana getdi. Gömrükdə saxlayıblar ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (“Bandotdel” kimi tanınır - red) sizin ölkədən çıxışınıza “stop” qoyub. Onu əvvəlcə Biləsuvar Rayon Polis İdarəsinə, sonra da Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıblar. 3-4 saat dindiriblər, sonra buraxıblar. Ancaq növbəti dəfə saxlayanda birdəfəlik getdi, bu dəfə buraxmadılar”.

Ata deyir ki, oğlu ilk dəfə saxlananda ondan dindarları soruşublar:

“Birinci dəfə dindirib, buraxanda telefonunu qaytarmadılar. Düz bir aya yaxın telefonu vermədilər. Dedilər, özümüz zəng edib, verəcəyik. Bir ay sonra, yəni avqustun 3-də işə gedəndə yoldan tutub aparıblar. Səhərisi gün günortaya qədər biz onu hər yerdə axtardıq, polisə müraciət etdik, amma tapmadıq. Axşamüstü bir nəfər mənə zəng edib dedi ki, bəs oğlunuz Loğmanın vəkilyəm. Oğlunuz Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində dindirilib, sonra da həbs edilib”.

Azadxan Adıyev deyir ki, bundan sonra günlərlə vəkil onların telefon zənglərinə cavab verməyib. Nə də oğlunun harada olduğunu axtarsa da, kimsə ona məlumat verməyib:

“Axırda öyrəndik ki, işini külli miqdarda narkotik daşıma ilə rəsmiləşdiriblər. Bilmirik, bu, necə ola bilər. Oğlumdan şər, böhtanla ifadə alıblar. Bəlkə də işgəncə verib, döyüblər. Biz bilmirik, onun başına nə gəlib. Dünən müraciət etmədiyimiz yer qalmadı. Baş Prokurorluq, polis orqanları, Daxili İşlər Nazrliyi, sonda məlum oldu ki, həbs edilib Kürdəxanıdakı İstintaq Təcridxanasına aparılıb. Bizə onu da dedilər ki, “Bandotdel”in işinə kimsə qarışa bilməz. Lap istəsələr oğlunu öldürə də bilərlər. Birbaşa prezidentə tabedirlər. Heç kimdən qorxuları yoxdur”.

Ata deyir ki, o, indi hara müraciət edəcəyini bilmir:

“Haqsızlığa uğramışıq, bizə kim kömək edə bilər, bilmirik. Çox çətin vəziyyətdəyik. Oğluma verilən ittiham böyükdür. Öyrənmişik, 5 ildən 11 ilədək həbs edilə bilər. Bizim isə əlimizdən heç nə gəlmir. Təkcə o gəlir ki, Azərbaycan xalqına müraciət edək. Deyək ki, bizdə günahsız insanları narkotik və ya başqa ittihamlarla şərləyib, həbs edirlər. Heç kim də buna səsini çıxarmır. Ölkədə qanunlar işləmir”.

Azadxan Adıyev deyir ki, oğlu Loğman Abşeron rayonunun Masazır qəsəbəsində böyüyüb. Burada hamı bir-birini tanıyır:

“Qonşulardan, sinif yoldaşlarından, müəllimlərindən, tanış-bilişdən, kimdən soruşsan Loğmanın külli miqdarda narkotiklə həbs edilməsinə gülərlər. Heç kim inanmaz bu işə. İbadət edən uşaqdı, heç kim bu cəfəngiyyata inanmaz. Bir günahsız gəncin həyatını puç edirlər. Kimə müraciət edək? Az qalırıq hamımız intihar edək. Bu yaxınlarda analarını itiriblər, indi oğlumu həbs ediblər, mən də ürək xəstəsiyəm. Tək çarəmiz qalıb, evimizi yandırıb, ailəlikcə intihar edək”.

Meydan TV məsələyə Daxili İşlər Nazirliyindən (DİN), Baş Prokurorluqdan və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən münasibət öyrənə bilməyib. Loğman Adıyevin nə səbəbə həbs edildiyi məlum deyil.