"Rüstəmovların taleyi ilə bağlı ailə üzvlərinə hər hansı məlumat verilmir. Biz ailə üzvləri onların ağır işgəncələrə məruz qaldığını düşünürük". Bu barədə Turan-a Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov bildirib.
Saleh Rüstəmov mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə, 1992-93-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.
Saleh Rüstəmov mayın 8-də Şəmkir rayonunda həbs edilib. Mayın 9-da Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə Saleh Rüstəmov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun qardaşı oğlu Vidadi Rüstəmli mayın 10-da saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Vidadi Rüstəmlinin barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ona və qardaşı oğlu Vidadi Rüstəmliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib.
Taleh Rüstəmov bildirib ki, məhkəmənin həbs qətimkan tədbiri seçməsinə baxmayaraq, qanunsuz olaraq Saleh Rüstəmov mayın 8-dən, qardaşı oğlu Vidadi Rüstəmov isə mayın 10-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.
"Respublika rəhbərlərinə dəfələrlə teleqram vurmuşam, Ombudsman Aparatına müraciət etmişəm. Yalnız Ombudsman Aparatından qardaşım və qardaşım oğlunun saxlanma yeri barədə məlumat veriblər. Onların işgəncəyə məruz qalması ilə bağlı isə Ombudsman Aparatı prokurorluğa mütraciət etməyimizi məsləhət bilib", deyə o qeyd edib.
Mayın 18-də Bakı Apellyasiya Məhkəmisində məhkəmə iclası təyin olunmasına baxmayaraq, Saleh və Vidadi Rüstəmovlar məhkəməyə gətirilmədiyindən məhkəmə iclası təxirə salınıb.
"Bu gün, mayın 21-də isə həm Salehdən, həm də Vidadidən məhkəmədə iştirak etmək istəmədikləri barədə məktub alıblar. Hətta Vidadi ailəsinin tutduğu vəkillərdən imtina edib. Bunlar inandırıcı deyil. Sadəcə bu iltizamlar işgəncə altında alınır. Qardaşım və qardaşım oğlunun bədənində işgəncə izlərinin itirməsi üçün onları məhkəmə qarşısına çıxarmırlar", deyə o qeyd edib.
Taleh Rüstəmov Saleh Rüstəmovun həyat yoldaşının Rusiya Xarici İşlər Nazirliyinə və Rusiyanın Azərbaycandakı səfirliyinə məlumat verdiyini bildirib.
"Həyat yoldaşı Rusiya Xarici İşlər Nazirliyinə yazıb ki, Saleh Rüstəmova işgəncə verilib, bu səbədən də üzə çıxarılmır, məhkəməyə gətirlmir. Onunla üç dəfə görüşməyə cəhd ediblər, lakin görüşə bilməyiblər. Sonra Ombudsmandan mənə məktub gəlib ki, işgəncə faktı ilə bağlı onlara yazım prokurorluğa müraciət edəcəklər", deyə o qeyd edib.
Həbs edilən sabiq icra başçısından 10 gündür xəbər yoxdur
Oxşar xəbərlər