Yüzlərlə siyasi məhbus olan ölkə ATƏT-ə sədrlik edə bilməz

QHT-lər ATƏT iştirakçısı olan dövlətləri Azərbaycanın sədrliyə namizədliyini qəbul etməməyə çağırıb.

Beynəlxalq vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanın 2027-ci ildə ATƏT-ə sədrlik etməsi ehtimalına qarşı çıxaraq təşkilata üzv dövlətləri bu namizədliyin qarşısını almağa çağırıblar.

Human Rights House Foundation-un noyabrın 23-də yaydığı məlumata görə, qurumun təşəbbüsü ilə 45 beynəlxalq vətəndaş cəmiyyəti təşkilatı ATƏT-ə üzv dövlətlərə birgə müraciət ünvanlayıb.

Müraciətdə Azərbaycanın ATƏT-in fəaliyyətdə olan sədri vəzifəsinə mümkün namizədliyinə etiraz bildirilib və iştirakçı dövlətlərdən belə bir qərarın qəbul edilməsinə imkan verməmək tələb olunub.

Təşkilatlar hesab edirlər ki, Azərbaycan hökuməti insan hüquqları, təhlükəsizlik və ətraf mühit məsələlərində etibarlı tərəfdaş deyil və ATƏT kimi beynəlxalq təşkilata rəhbərlik etmək üçün zəruri öhdəlikləri yerinə yetirmir.

Bəyanatda qeyd olunur ki, 19 noyabr 2026-cı ildə ATƏT-in Daimi Şurasında 2027–2029-cu illər üzrə sədrliyin təşkili məsələsi müzakirə edilib. Bu müzakirələr zamanı Azərbaycanın da 2027-ci ildə sədrliyi üzərinə götürmək niyyətini ifadə etdiyi bildirilib.

Müraciət müəllifləri Azərbaycanda 2013-cü ildən etibarən müstəqil vətəndaş cəmiyyətinə, qeyri-hökumət təşkilatlarına, media qurumlarına və hüquq müdafiəçilərinə qarşı təzyiqlərin artdığını iddia edirlər. Onların fikrincə, 2023-cü ilin sonundan etibarən bu proses daha da intensivləşib.

Bəyanatda Azərbaycan hüquq müdafiəçilərinin məlumatlarına istinadən ölkədə 300-dən çox siyasi məhbusun olduğu bildirilir. Həmçinin jurnalistlərin, vəkillərin və vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətlərinə görə təqiblərlə üzləşdiyi vurğulanır.

Təşkilatlar Avropa İnsan Hüquqları Məhkəməsi, Avropa Şurasının Venesiya Komissiyası və BMT-nin İşgəncələrə Qarşı Komitəsinin Azərbaycanla bağlı əvvəlki qiymətləndirmələrinə də diqqət çəkiblər.

Müraciətdə Avropa Parlamentinin 2026-cı ilin oktyabrında Azərbaycanda milli təhlükəsizlik qanunvericiliyindən qeyri-hökumət təşkilatlarını və medianı susdurmaq məqsədilə istifadə edilməsini, eləcə də müxalif və tənqidi səslərə qarşı təzyiqləri pisləyən qətnamə qəbul etdiyi xatırladılır.

Bundan başqa, Avropa Şurası Parlament Assambleyasının 2026-cı ilin iyununda qəbul etdiyi qətnamədə Azərbaycanda müstəqil medianın fəaliyyətinin məhdudlaşdırılması, siyasi məhbuslarla bağlı narahatlıqlar və vətəndaş cəmiyyətinin fəaliyyətinə maneələr məsələlərinin gündəmə gətirildiyi qeyd olunur.

Bəyanat müəllifləri ATƏT-in Media Azadlığı üzrə nümayəndəsinin də Azərbaycan hakimiyyətinin media işçilərinə qarşı təzyiqlərini pislədiyini bildirirlər.

Sənədin sonunda təşkilatlar ATƏT iştirakçısı olan dövlətləri Azərbaycanın namizədliyini qəbul  etməməyə və ölkənin təşkilata sədr seçilməsinə qarşı çıxmağa çağırıblar.

Müraciəti imzalayanlar arasında Human Rights House Foundation, Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), World Organisation Against Torture (OMCT), Norwegian Helsinki Committee, Human Rights Watch-un tərəfdaş qurumları, Belarus, Ukrayna, Gürcüstan, və digər ölkələrin insan hüquqları təşkilatları, eləcə də Azərbaycanın İnsan Hüquqları Mərkəzi və Müstəqil Hüquqşünaslar Şəbəkəsi var.

Qeyd edək ki, ATƏT-in hazırkı sədri, İsveçrənin xarici işlər naziri İqnazio Kassis noyabrın 19-da təşkilatın 2027–2029-cu illər üzrə sədrliyi ilə bağlı üçillik həll paketini təqdim edib. ATƏT-in rəsmi məlumatına görə, Ermənistan, Avstriya, Azərbaycan və Norveç gələcək sədrliyi öz üzərinə götürməyə hazır olduqlarını bildiriblər. Kipr və Gürcüstan isə əvvəlki namizədliklərini bir daha təsdiqləyiblər.

Sədrliyin müəyyənləşdirilməsi üçün ATƏT-in 57 iştirakçı dövlətinin konsensusu tələb olunur. Bu məsələ ilə bağlı müzakirələrin dekabrın 3–4-də İsveçrənin Luqano şəhərində keçiriləcək ATƏT Nazirlər Şurasının iclası ərəfəsində davam etdirilməsi nəzərdə tutulur.