Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

Müasir Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi.

Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.

2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.

Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.

Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.