Umbakıdan aclıq aksiyasına qoşulan 60-dan çox məhbus Prezidentə müraciət ünvanlayıb

Umbakı Ciddi Rejimli Cəzaçəkmə Müəssisəsində saxlanılan 60-dan çox məhbus Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Məhbuslar hicablı qızların baş örtüyünə görə təhsil müəssisələrinə buraxılmamasına etiraz olaraq aclıq aksiyasına başladıqlarını bildiriblər.
Media vasitəsilə ictimaiyyətə səslənən məhbusların sözlərinə görə, artıq bir neçə həftədir hicablı şagirdlərin təhsil müəssisələrinə buraxılmaması onları ciddi narahat edir. Onlar bu vəziyyətə etiraz əlaməti olaraq oktyabrın 16-dan aclıq aksiyasına qoşulduqlarını bəyan ediblər.
Məhbuslar bildiriblər ki, aksiyanın əsas məqsədi hicabla bağlı yaranmış problemin ciddiliyinə diqqət çəkmək və məsələnin sülh yolu ilə həllinə nail olmaqdır.
Bu gün mediaya ünvanladıqları növbəti bəyanatda onlar Prezident İlham Əliyevdən məsələyə şəxsən diqqət yetirməsini və yaranmış problemin aradan qaldırılması üçün müvafiq addımlar atılmasını xahiş ediblər.
Məhbusların müraciətində deyilir:
“Ölkə Prezidenti başda olmaqla bütün məsul şəxslərin diqqətinə çatdırırıq ki, hicaba tətbiq edilən məhdudiyyətlərə etiraz olaraq oktyabrın 16-dan aclıq aksiyasına qoşulmuşuq.
Baş verən hadisələr cəmiyyətin digər üzvləri kimi bizi də ciddi narahat edir. Bu səbəbdən müraciət edərək xahiş edirik ki, inanclı vətəndaşlarla dövlət arasında qarşıdurma və kin-küdurətin yaranmaması, xalqımızın milli-mənəvi birliyinin qorunması naminə mövcud məhdudiyyətlərin aradan qaldırılması istiqamətində təşəbbüs göstərəsiniz.
İnanırıq ki, məsələnin qarşılıqlı anlaşma və dialoq yolu ilə həlli həm cəmiyyətin birliyinə, həm də dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək”.
Dəmir barmaqlıqlar arxasından müraciətə qoşulan məhbuslar:
1. Cabbarov Cabbar
2. Həsənov Hicran
3. Qasımov Şəmsi
4. Musayev Məhəmmədəli
5. Sayadov Tərlan
6. Ağayev Elməddin
7. Feyzi Bəhrəm
8. Babakişizadə Cahad
9. Aslanov Polad
10. Əhmədov Azim
11. Eynullayev Elmir
12. Həsənli Asəf
Və adları açıqlanmayan 60-a yaxın digər məhbus.
Umbakı Ciddi Rejimli Cəzaçəkmə Müəssisəsi