Netanyahunu HƏMAS-ın 7 oktyabr hücumu barədə əvvəlcədən xəbərdar edibmişlər

İsrailin “Haaretz” nəşri baş nazir Benyamin Netanyahunun HƏMAS-ın 7 oktyabr hücumu barədə əvvəlcədən xəbərdar edildiyini iddia edən araşdırma dərc edib.

Sentyabrın 8-də yayımlanan yazıda bildirilir ki, 2023-cü ilin 7 oktyabr tarixində baş tutan hücumdan təxminən 10 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Netanyahuya zəng vurub və onunla 45 dəqiqə danışıb.

"Həmin söhbət zamanı bin Zayed xəbərdarlıq edib ki, HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvar İsrailə qarşı genişmiqyaslı əməliyyat planlaşdırır. Bin Zayed narahatlığını ifadə edib ki, hadisə təkcə qan tökülməsinə səbəb olmayacaq, həm də bütün regionun stabilliyini pozacaq və "İbrahim Sazişləri"ni zəiflədəcək", - məqalədə yazılıb.

“Haaretz” araşdırmada adları açıqlanmayan üç yüksək rütbəli xarici diplomatik mənbəyə istinad edib.

Məlumata görə, Netanyahu BƏƏ liderinə cavabında İsrailin hər bir ssenariyə hazır olduğunu deyib, lakin sonradan xəbərdarlıq barədə öz təhlükəsizlik orqanlarına məlumat verməyib.

Netanyahu sentyabrın 9-da "X" səhifəsində "Haaretz"ə qarşı məhkəmə iddiası qaldıracağını xəbər verib. O, bin Zayedlə belə bir söhbətin ümumiyyətlə baş tutmadığını iddia edib.

7 oktyabr hücumu zamanı İsrailin Qəzza ilə sərhədə yaxın ərazilərində yaşayan 1800 mülki şəxs öldürülüb və yüzlərlə israilli HƏMAS tərəfindən əsir götürülüb.

Sonrakı iki il ərzində İsrail Qəzzanı bombalamağa davam edib. Nəticədə 70 mindən çox fələstinli həyatını itirib. Onların 20 mindən çoxu azyaşlılar olub