10 saylı CÇM-də məhkumun huşunu itirənədək döyüldüyü iddia olunur

10 saylı Cəzaçəkmə Müəssisəsinin iki nəzarətçisinin orada saxlanılan məhkumu döyərək ağır vəziyyətə saldığı iddia olunur. Bu barədə müəssisədə saxlanılan məhkumlar yaxınları vasitəsilə “Abzas Media”ya məlumat veriblər.

Onların sözlərinə görə, hadisə avqustun 7-də, saat 14 radələrində müəssisənin telefon məntəqəsində baş verib. İddiaya görə, çavuş Faiq Əlişov və baş gizir Saleh Abdulrəhmanov Sərxan Quliyev adlı məhkumu huşunu itirənədək döyüblər.

Hadisənin şahidi olduğunu bildirən məhkumların sözlərinə görə, əvvəlcə telefon məntəqəsində çalışan Saleh Abdulrəhmanovla Sərxan Quliyev arasında mübahisə yaranıb. İddiaya görə, Abdulrəhmanov məhkumu təhqir edib, Quliyev buna cavab verdikdən sonra nəzarətçi onu vurub.

Məhkumlar bildirirlər ki, Sərxan Quliyev zərbədən yerə yıxılıb, başından və ağzından qan gəlib. Bundan sonra çavuş Faiq Əlişovun da onu döyməyə başladığı iddia olunur.

Şahidlərin sözlərinə görə, Əlişov telefon məntəqəsindəki masanın üzərinə çıxaraq yerdə uzanan məhkumun belinə tullanıb, daha sonra onun başına yumruq zərbələri endirib. Məhkumlar zorakılığın təxminən 4-5 dəqiqə davam etdiyini deyirlər.

Onların bildirdiyinə görə, daha sonra əraziyə gələn baş inspektor nəzarətçiləri məhkumdan ayırıb və Sərxan Quliyev başqa yerə aparılıb.

Məlumatı verən şəxslər iddia edirlər ki, Quliyev döyüldükdən sonra 60 saatdan çox cərimə kamerasında saxlanılıb.

Məhkumların sözlərinə görə, hadisədən bir neçə həftə əvvəl Sərxan Quliyevin dostluq etdiyi Qafar Abbasov adlı başqa bir məhkumla da Saleh Abdulrəhmanov arasında insident yaşanıb. İddiaya görə, Abdulrəhmanov Abbasovu təhqir etdikdən sonra o, etiraz olaraq telefon məntəqəsində qollarını kəsib. Bundan sonra Abbasovun cərimə kamerasına salındığı bildirilir.

Mənbələr bildirirlər ki, Sərxan Quliyev Qafar Abbasovun cərimə kamerasında əliqandallı saxlanılmasına etiraz edib. Onların iddiasına görə, bundan sonra Quliyev müəssisənin rəis müavini Kamran Şahsuvarovun otağında yenidən döyülüb.

“Abzas Media”ya danışan məhkumlar müəssisədə əməkdaşların rəhbərliyin icazəsi olmadan belə addımlar ata bilmədiyini deyirlər. Onlar Sərxan Quliyevə qarşı iddia olunan zorakılığın da rəis müavini Kamran Şahsuvarovun göstərişi ilə baş verdiyini iddia edirlər.

Məhkumlar müəssisədə sistematik zorakılıq və işgəncə hallarının olduğunu da bildirərək hüquq-mühafizə orqanlarını məsələni araşdırmağa çağırıblar:

“Həbsxanadakı sistematik işgəncə hallarının baş icraçısı Kamran Şahsuvarovun özüdür. Hüquq-mühafizə orqanları, Baş Prokurorluq və Ədliyyə Nazirliyi hadisə ilə bağlı təcili araşdırma başlatmalıdır. Ombudsman Aparatı da insan hüquqlarının pozulması və işgəncə iddialarına reaksiya verməlidir”.

Mənbələrin sözlərinə görə, hadisənin baş verdiyi ərazidə iki videomüşahidə kamerası var və iddia olunan döyülməni həmin kameralar qeydə alıb.

“Özbaşınalıqla bağlı tədbir görülməsə, bu, Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin və ümumilikdə hökumətin adına daha bir ləkə kimi tarixə keçəcək”, - məhkumlar bildiriblər.

“Abzas Media” 10 saylı Cəzaçəkmə Müəssisəsində baş verdiyi iddia olunan hadisələrlə bağlı Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə və müəssisənin özünə sorğu göndərib. Material dərc olunanadək sorğulara cavab verilməyib.

Penitensiar Xidmət bundan əvvəl məhkumlarla rəftar və saxlanma şəraiti ilə bağlı şikayətlərə cavablarında penitensiar müəssisələrdə məhkumların hüquqlarının qanunvericiliyin tələblərinə uyğun təmin edildiyini bildirib.