“QHT işi” üzrə həbs olunan Asəf Əhmədov 8 il azadlıqdan məhrum edilib

“QHT işi” çərçivəsində həbs olunan Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov 8 il azadlıqdan məhrum edilib.

Qərar iyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Bundan əvvəl dövlət ittihamçısı İxtiyar Şabanov çıxış edərək Asəf Əhmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Son sözündə ittihamları rədd edən Asəf Əhmədov bildirib ki, ona qarşı irəli sürülən ittihamlar sübuta yetirilməyib.

“Dövlət ittihamçısının çıxışında səslənən iddialar sadəcə hüquqi terminlərin arxasında gizlədilmiş fərziyyələrdir. Bundan əvvəlki 4 prosesdə mənə qarşı irəli sürülmüş ittihamları maddə-maddə dağıdan arqumentlərlə çıxış etmişəm. İfadəmdən də göründüyü kimi, ittihamın sütunu olan 193-1-ci maddə başda olmaqla, heç biri sübut olunmayıb”, - o deyib.

Asəf Əhmədov məhkəmə prosesinin təkcə onun taleyi ilə bağlı olmadığını bildirib:

“Bu proses sadəcə bir şəxsin taleyini həll etmir, mənim və böyük ailəmin gələcəyinə də təsir edir. Bugünkü proses hüququn və ədalətin necə tətbiq olunacağı barədə bir imtahandır”.

Özünün tarix müəllimi və fəlsəfəçi olduğunu xatırladan ictimai fəal məhkəməni həqiqəti müəyyən etməyə çağırıb.

“Tarix mənə öyrədib ki, məhkəmə zallarında vicdanla verilən qərarlar əbədidir. Sizə müxtəlif növ təsirlər ola bilər. Tarix boyu fərqli düşüncə sahiblərini və ziyalıları müxtəlif qondarma ittihamlarla mühakimə ediblər. Mən tarixçi olduğum üçün bu zalda baş verənlər mənə çox tanışdır. Vaxtilə kitablardan oxuduğum hadisələr bu gün mənim başıma gəlir”, - Əhmədov bildirib.

O, barəsində açılmış cinayət işinin siyasi motivli olduğunu deyib:

“Aylardır bu zalda gedən proseslərdən və qarşınızdakı materiallardan nələrin baş verdiyi sizə də, mənə də, elə prokurora da aydındır. Ortada hər hansı cinayət yoxdur. Məqsəd vətəndaş cəmiyyəti üçün nəsə etmək istəyən bir adamı susdurmaqdır”.

Asəf Əhmədov çıxışında qədim yunan filosofu Sokratın və repressiya qurbanı olmuş Azərbaycan ziyalılarının adlarını çəkərək, tarixdə siyasi motivli təqiblərin çox olduğunu bildirib.

“Sokratı da vaxtilə fərqli düşündüyü üçün ittiham edib, mühakimə etmişdilər. Bu gün onu mühakimə edən mənsəb sahiblərini heç kim xatırlamır, amma Sokratı hələ də oxuyur, onu tanıyırlar.

Hüseyn Cavidi və onlarla ziyalımızı məhz belə qondarma ittihamlarla, sadəcə düşüncələrinə görə mühakimə ediblər. Ovaxtkı müstəntiqlər, prokurorlar qalib gəldiklərini düşünürdülər. Amma tarix o qərarvericiləri bağışlamadı. Ədalət gec də olsa yerini tapdı”.

1 il 2 aydır həbsdə olduğunu xatırladan Əhmədov fəaliyyətinin vətəndaş cəmiyyətinin inkişafına xidmət etdiyini bildirib.

“Mənim məqsədim vətəndaş cəmiyyətinə töhfə vermək olub. Məni bu böyük yola çəkib gətirən cəmiyyətin inkişafı ilə bağlı düşüncələrim olub. Bu istiqamətdə fəaliyyətim və düşüncələrim istintaq tərəfindən dövlətin və cəmiyyətin mənafeyinə vurulan ağır zərbə kimi qiymətləndirilir. Gördüyüm işlər isə görməzdən gəlinir”, - o deyib.

Asəf Əhmədov çıxışında amerikalı hüquq müdafiəçisi Martin Lüter Kinqin sözlərini də xatırladıb:

“Həyatın sonunda biz düşmənlərimizin sözlərini deyil, dostlarımızın sükutunu xatırlayacağıq”.

Onun sözlərinə görə, bu iş üzrə susanlar və ittiham aktını hazırlayanlar gələcəkdə məsuliyyət daşıyacaqlar.

“Bu gün mənim işimdə susanlar və bu qondarma ittiham aktını yazanlar tarixin qarşısında cavab verəcəklər. Mən bir müəllim kimi şagirdlərimə hər zaman ədaləti aşılamışam, bu gün isə ədalətsizliyin qurbanına çevrilmişəm. “Çirkli pul” nağılları yaza bilərlər, amma mənim dürüstlük ideyamın və təmiz keçmişimin qarşısını heç bir ittiham aktı ala bilməz”.

Çıxışının sonunda hakimlərə müraciət edən Əhmədov qərarın yalnız onun gələcəyinə deyil, məhkəmənin ədalətinə də təsir edəcəyini bildirib.

“Mən ədalətin məhz bu məhkəmədə bərqərar olmasını istəyirdim, Avropa Məhkəməsində yox. Dövlətimə, xalqıma xidmət edən bir ziyalı kimi sizdən xahiş edirəm ki, bu işi yalnız ittihamın təqdim etdiyi çərçivədə deyil, hüququn ədalət və humanizm prinsiplərinə söykənərək, vicdanı rəhbər tutaraq qiymətləndirəsiniz.

Mən sizdən ədalətli qərar gözləyirəm. Ədalətin ən böyük prinsipi günahsızın cəzalandırılmamasıdır. Ədalətli qərar isə yalnız müstəqil məhkəmə tərəfindən verilə bilər.

Mən sizdən hüquqi cəsarət tələb edirəm. Çünki bu gün verəcəyiniz qərar mənim sabahımı, sizin də ədalətinizi təyin edəcək”.

Son söz başa çatdıqdan sonra hakimlər müşavirəyə gediblər. Daha sonra məhkəmə Asəf Əhmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Asəf Əhmədov “QHT işi” kimi tanınan cinayət işi üzrə məsuliyyətə cəlb edilən şəxslərdən biridir. O, ötən ilin martında həbs olunub.

Ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bu iş çərçivəsində indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsinin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdədir.

Bu il martın 11-də fəal Zamin Zəki 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə təqsirləndirilən digər şəxslər barəsində isə alternativ qətimkan tədbirləri seçilib.

Təqsirləndirilən şəxslər ittihamları əsassız və siyasi motivli hesab etdiklərini bildirirlər.