Bəhreyndə şiə din xadimlərinə qarşı reperessiyalar davam edir

Yaxın Şərqdə ABŞ-İran hərbi qarşıdurması fonunda Bəhreyn Krallığı öz ərazisində genişmiqyaslı “antiterror” əməliyyatı iddiası ilə ölkədə illərdir təzyiq, təqib və həbslərlə üzləşən şiələrin həbsini davam etdirir. Oxşar ssenari icra edilərək ölkədə şiələrin güya “İran cəsusu” iddası ilə saxlanılması bir çox tanınmış din xadimlərinə də tətbiq edilib.

İranın rəsmi və nüfuzlu "Tasnim" informasiya agentliyinin yaydığı məlumata görə, Bəhreynin hüquq-mühafizə orqanları birbaşa İran kəşfiyyatı və SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) ilə gizli əməkdaşlıqda, habelə ölkədə daxili sabitliyi pozmaqda ittiham olunan 20 nəfəri təcili şəkildə həbs edib. Saxlanılan şəxslər arasında ölkə daxilində ciddi təsir rıçaqlarına malik olan 5 tanınmış şiə ilahiyyatçısının (ilahiyyat aliminin) da olduğu bildirilir.

Mənbələrin verdiyi məlumata görə, krallıqdakı bu kütləvi həbs dalğası nəticəsində krallıqda həbsə atılan şiə din xadimlərinin və fəalların ümumi sayı rəsmən 58 nəfərə yüksəlib.