ABŞ və Azərbaycan arasında dəyəri 8 milyard dollardan çox olan ticarət müqavilələri imzalanıb

ABŞ nümayəndə heyəti və Azərbaycan arasında dəyəri 8 milyard dollardan çox olan ticarət müqavilələri imzalanıb. Vaşinqton eyni zamanda Azərbaycanın enerji sektoruna investisiya yatırmağı planlaşdırır. Bu barədə iyunun 2-də Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr bildirib.
Onun sözlərinə görə, ABŞ Azərbaycanın enerji infrastrukturu layihələrində daha geniş rol oynamaqda maraqlıdır.
Kaleb Orr qeyd edib ki, ötən il Bakı Enerji Həftəsi çərçivəsində yeni kəşfiyyat imkanları ilə bağlı anlaşma memorandumu imzalayan “ExxonMobil” şirkəti Azərbaycan üçün vacib tərəfdaş olaraq qalır. O əlavə edib ki, bu il keçirilən Bakı Enerji Həftəsində “Chevron” da yeni kəşfiyyat sazişi imzalayıb və ABŞ hökuməti bu əməkdaşlığı dəstəkləyir.
“Azərbaycanın Avropaya və dünyanın digər regionlarına enerji daşınmasında Orta Dəhlizin mərkəzi qovşağı kimi rolunu gücləndirməsinə kömək edə biləcəyimizi gözləyirik”, - deyə ABŞ rəsmisi bildirib.
Kaleb Orrun sözlərinə görə, iqtisadi dialoq bu ilin fevralında ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində keçirilib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov isə bildirib ki, tərəflər enerji, investisiya, regional bağlantılar və süni intellekti əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən ediblər.
İqtisadçılar hesab edirlər ki, ABŞ şirkətlərinin Azərbaycan enerji sektoruna marağının artması ölkəyə xarici investisiya axınını gücləndirə və enerji layihələrinin maliyyələşdirilməsi imkanlarını genişləndirə bilər.
Bununla yanaşı, ekspertlər bildirirlər ki, elan olunan sazişlərin iqtisadi təsirini qiymətləndirmək üçün onların hansı layihələri əhatə etdiyi, investisiyaların həcmi və icra müddətləri barədə daha ətraflı məlumatın açıqlanmasına ehtiyac var.