Araşdırma jurnalistikasının böyük hissəsi hazırda xaricdə fəaliyyət göstərir

Azərbaycanın bəzi dövlət qurumlarının rəsmi saytlarına, xüsusilə dövlət satınalmaları portalı (etender.gov.az) və Vergi Xidmətinin “e-taxes” sisteminə artıq bir ildən çoxdur ki, ölkə xaricindən giriş məhdudlaşdırılıb.

Rəsmi izah verilməsə də, jurnalistlər hesab edir ki, bu addım xaricdə fəaliyyət göstərən araşdırmaçı media nümayəndələrinin işini çətinləşdirmək məqsədi daşıyır. Çünki həmin platformalar məmurların biznes əlaqələri, dövlət satınalmaları və maliyyə axınları barədə araşdırmalar üçün əsas açıq mənbələrdən sayılır.

Son illərdə müstəqil jurnalistlərə qarşı təzyiqlərin artdığı, bir çoxunun həbs edildiyi və ya ölkəni tərk etməyə məcbur qaldığı bildirilir. Araşdırma jurnalistikasının böyük hissəsi hazırda xaricdə fəaliyyət göstərir.

Ekspertlər vurğulayır ki, bu məhdudiyyət Azərbaycan qanunvericiliyinə ziddir. Konstitusiyanın 50-ci maddəsi hər kəsə informasiya əldə etmək hüququ verir. “İnformasiya əldə etmək haqqında” qanun isə dövlət orqanlarını ictimai əhəmiyyətli məlumatları internet üzərindən sərbəst və maneəsiz təqdim etməyə borclu sayır.

Buna baxmayaraq, dövlət satınalmaları və vergi məlumatlarına çıxışın xaricdən bloklanması ictimai nəzarəti zəiflədir və şəffaflıq prinsiplərinə zərbə vurur.

Mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilən sorğu isə hələ də cavabsız qalıb.