Hesablama Palatası milyonluq maliyyə pozuntuları aşkarlayır, bəs niyə heç kim cəzalanmır?

Hesablama Palatası (HP) ötən ay dövlət qurumlarında son illərdə apardığı auditlə bağlı hesabatını açıqladı. Hesabatda bir sıra nazirlik və komitələrdə ciddi maliyyə pozuntularının olduğu bildirilirdi.

Məsələn, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2024-cü ildə proqnozdan 176 milyon manat artıq vəsait xərcləndiyi qeyd olunub. 2023-2025-ci illərdə Dövlət Gömrük Komitəsində aparılmış auditin nəticəsi ilə bağlı isə bildirilir ki, yeni inzibati binanın tikintisi üzrə 18 milyon manata yaxın vəsait maliyyə sənədlərində tam əks etdirilməyib.

HP-nin əvvəlki illərdə də dövlət qurumlarında bir neçə milyonluq maliyyə pozuntuları aşkarladığı barədə açıqlamalar verilib. Bu pozuntulara, adətən, nümunə olaraq müqavilələrdə işlərin dəyərinin artırılması, məlumatların proqram təminatına tam daxil edilməməsi, aktivlərin inventarizasiyasının vaxtında aparılmaması göstərilir.

Lakin bu pozuntularla bağlı məlumatlar vaxtaşırı ictimailəşdirilsə də, onlara görə vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması xəbərlərinə rast gəlinmir.

Məsələn, HP-nin sonuncu hesabatından sonra hökumətyönlü mətbuatda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparıldığı xəbəri dərc olunub. Hesabatda icra hakimiyyətinin Gəncə İdman Sarayının tikintisi zamanı işlərin dəyərini 11 milyon manata yaxın artırdığı qeyd edilmişdi.

Başqa bir xəbərdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin bitkiçilik üzrə subsidiyaların verilməsindəki nöqsanları araşdırdığı bildirilib, lakin hansı qurumda araşdırma aparıldığı açıqlanmayıb. Bu araşdırmalar nəticəsində kimlərinsə məsuliyyətə cəlb olunub-olunmadığı barədə isə məlumat verilmir.

Respublikaçı Alternativ Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli də sosial media hesabında HP-nin hesabatını “çox keyfiyyətli sənəd” adlandırsa da, maliyyə pozuntularına görə heç kim cəzalandırılmadığına diqqət çəkib.

“Hesablama Palatası illərdir pozuntular aşkarlayır, hesabat yayır – yaxşı, məsələn, son 5 ildə Palatanın hesabatı əsasında, sübut olunmuş yeyinti faktlarına görə neçə məmur həbs edilib, işdən çıxarılıb, neçə cinayət işi açılıb?!”, - o sual edib.

HP Milli Məclis tərəfindən yaradılıb və 2001-ci ildən fəaliyyət göstərir. Onun funksiyalarına dövlət büdcəsinin gəlir və xərclərinin auditini aparmaq və Milli Məclisə hesabat vermək daxildir.

“Toplum TV”-yə danışan III Respublika Platformasının qurucu üzvü, siyasi şərhçi Araz Əliyev deyir ki, İkinci Qarabağ Müharibəsindən sonraya, yəni 2021-ci ilə qədər HP-nin “varlığı ilə yoxluğu bilinmirdi”.

“Hakimiyyət 2010-cu illərin əvvəlindən məmurların loyallığını təmin etmək üçün onlara korrupsiya imkanları yaratmışdı. İndi neft-qaz gəlirləri azalanda, dövlət büdcəsinə bir az yük yarananda məmurlardan oğurlanmış pulları geri qaytarmaq tələb olunur. Hesablama Palatası da bu funksiyanı yerinə yetirir. Məmurlar təftiş olunur, “qulaqburması” edilir, oğurladıqları pullar geri alınır, lakin nəticə etibarilə cəzasız qalırlar. Hətta həbs olunan icra başçılarının belə həbs müddətləri sonradan azaldılır və onlar azadlığa çıxırlar. Çünki məqsəd onları cəzalandırmaq deyil”, - o qeyd edib.

A.Əliyev hakimiyyətin qanunların icrasında məmurlara və vətəndaş cəmiyyətinə münasibətdə “ikili standartlar” tətbiq etdiyini düşünür.

“Müstəqil media və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı 300-500 dolların üstündə qaçaqmalçılıq ittihamı irəli sürülür və uzunmüddətli həbs cəzaları verilir. Milyonlarla manat yeyintiyə yol verən vəzifəli şəxslərin əməlləri isə “maliyyə pozuntusu” kimi təqdim olunur. Bir daha görürük ki, hakimiyyət özündən olanların cinayət əməllərinə don geyindirməyi bacarır və bağışlayır”, - o əlavə edib.