Qanunsuz həbsimin və işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir

“Xalqımızın bir məsələni bilməsi vacibdir. Əvvəla, qanunsuz həbsimin, həbsxanada mənə göstərilən qeyri-insani rəftarın və işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir.”

Bu sözləri həbsdə olan ictimai fəal, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev sosial media hesabında ictimailəşdirilən müraciətində qeyd edib.

Gəncə şəhərində 2 saylı İstintaq Təcridxanasında saxlanılan fəal gözlərində ciddi problemlər olduğunu xəbər verib.

“Görmə qabiliyyətimdə həddindən artıq zəifləmə müşahidə olunur. Qapalı şəraitdə və ixtisaslaşmış həkimlərin olmadığı bir yerdə bütün bu əzab və çətinliklərə baxmayaraq ayaqdayam, dözümlü və iradəliyəm. Bir daha bəyan edirəm ki, mən əqidəmdən və haqq yolundan heç vaxt dönməyəcəyəm. Həbsimin siyasi sifariş olduğunu, ictimai fəaliyyətimlə əlaqədar həyata keçirildiyini bir daha açıq şəkildə bildirirəm”, - o əlavə edib.

Mayın 6-da Tovuz Rayon Məhkəməsində keçirilən yekun prosesdə H.Vəliyevə 2 il yarım həbs cəzası verilib.

O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Hacı Vəliyev ötən il martın 31-də həbs olunub.

O, müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınırdı.