Müstəntiq daha bir inanclının zənglərini bloklayıb

Saxlanılan andan ailəsi ilə yalnız bir dəfə telefon əlaqəsi quran inanclının vəziyyətindən ailəsi narahatdır. Məmmədov İsmayıl Qoşqar oğlu martın 2 – də saxlanılıb və bu zaman o, zaman dəhşətli işgəncələrə məruz qalıb. Bu barədə İsmayılın ailəsi xəbər verib. Narkotiklərlə bağlı ittiham olunan inanclı martın 3-də məhkəmə önünə çıxarılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bundan sonra İsmayıl yalnız bir dəfə ailəsi ilə əlaqə saxlaya bilib. Yaşadığı hadisənin təfərrüatını onlarla bölüşüb və bu onun etdiyi ilk və son zəngi olub.
İ. Məmmədovun vəkili Elçin Sadıqov vəziyyətdən xəbərdardır. O, müstəntiqin zənglərinə məhdudiyyət qoyduğunu bildirib və zəng edə bilməməsini bununla əlaqələndirib. Vəkil məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini deyib. Ailəsi isə işgəncələr səbəbindən İsmayılın səhhətində hər hansı bir problemin ola bilməsindən narahatdırlar.
Son günlər inanclıların kütləvi həbsləri yenidən aktivləşib. Maraqlısı odur ki, onlar saxlanılan zaman ciddi fiziki işgəncələrə məruz qalır, eyni halda heç bir səbəb olmadan telefon əlaqələri məhdudlaşdırılır.
Xatırladaq ki, İsmayıl Məmmədov iki dostu ilə bərabər martın 2 də saxlanılmış və barələrində narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü. Onlar toplanılan ianələr hesabına ehtiyaclı ailələrə yardım etmə səbəbindən saxlanıldıqlarını bildirirlər.